Sem Altman Sİ modellərinin gələcəyindən danışıb

Sem Altman Sİ modellərinin gələcəyindən danışıb

Fərid Əlizadə · Media ·

OpenAI rəhbəri Sem Altman yeni podkastında süni intellekt modellərinin gələcək inkişafı ilə bağlı açıqlamalar verib. O bildirib ki, bugünkü Sİ modelləri gələcəkdə ortaya çıxacaq sistemlərlə müqayisədə hələ kifayət qədər məhdud imkanlara malikdir.

Redaksiya məlumat verir ki, Altmanın sözlərinə görə, hazırkı modellər istifadəçinin həyat kontekstini tam anlamır və istənilən nəticəni almaq üçün istifadəçi hələ də onları yönləndirməli, izah etməli və dəqiqləşdirmələr aparmalıdır.

Altman qeyd edib ki, yaxın gələcəkdə istifadəçinin bütün kontekstini bilən modellərin ortaya çıxması mümkündür. Onun fikrincə, belə sistemlər istifadəçinin həyatı, gördüyü işlər, kompüteri və brauzeri ilə bağlı məlumatlara yalnız istifadəçinin icazəsi və müəyyən etdiyi çərçivələr daxilində çıxış əldə edə biləcək.

OpenAI rəhbəri hesab edir ki, bu dəyişiklik kompüterdən istifadə təcrübəsini köklü şəkildə dəyişəcək. Onun sözlərinə görə, Sİ modellərinin real dünya ilə bağlı məlumatlara daha geniş çıxışı olması istifadəçilərin rəqəmsal sistemlərlə qarşılıqlı əlaqəsini tamamilə yeni mərhələyə daşıya bilər.