Saturnu araşdıracaq nüvə enerjili aparat hazırlanır

Saturnu araşdıracaq nüvə enerjili aparat hazırlanır

Aytac Dəniz · Elm ·

NASA rəhbəri Cared Ayzekman Konqresdə “Dragonfly” missiyasının 2028-ci ildə Saturnun Titan peykinə göndəriləcəyini təsdiqləyib. Missiya Titanın kimyəvi tərkibini, səth şəraitini və həyatın yaranmasına aparan ilkin prosesləri araşdıracaq.

Redaksiya NASA-ya istinadla xəbər verir ki, “Dragonfly” missiyasının 2028-ci ilin iyulunda buraxılması planlaşdırılır. Aparat Saturnun ən böyük peyki olan Titana 2034-cü ilin sonlarında çatmalıdır.

“Dragonfly” səkkiz rotorlu, böyük drona bənzər uçan aparat olacaq. O, radioizotop enerji sistemi ilə işləyəcək və Titanın müxtəlif bölgələrinə enərək səth materiallarını analiz edəcək.

NASA bildirir ki, missiyanın əsas məqsədi birbaşa həyat tapmaq deyil, həyatın yaranmasından əvvəlki kimyəvi prosesləri öyrənməkdir. Titanın səthində temperatur təxminən mənfi 179 dərəcədir və bu sərt mühit alimlər üçün erkən Yer şəraitini anlamaq baxımından xüsusi maraq doğurur.