Peyk görüntüləri Rusiyanın Kamçatka yarımadasındakı Rıbaçi bazasında iki Borey sinifli nüvə sualtı qayığını antidron torları ilə örtdüyünü göstərib.
Redaksiya məlumat verir ki, söhbət Rusiyanın Sakit okean donanmasına aid nüvə başlığı daşıya bilən strateji sualtı qayıqlardan gedir. Baza Ukraynadan təxminən 7400 kilometr məsafədə yerləşir.
Görüntülərə əsasən, sualtı qayıqların üzəri tam şəkildə qoruyucu tor konstruksiyası ilə bağlanıb. Bu cür tədbirlər pilotsuz uçuş aparatları və digər hava müşahidə vasitələrinə qarşı əlavə müdafiə məqsədi daşıya bilər.
Borey sinifli sualtı qayıqlar Rusiyanın nüvə triadasının əsas elementlərindən hesab olunur və ballistik raketlər daşımaq üçün nəzərdə tutulub. Buna görə onların uzaq Sakit okean bazasında belə əlavə qorunması Moskvanın kritik hərbi obyektlərə qarşı mümkün təhdidləri ciddi qəbul etdiyini göstərir.
Analitiklər hesab edirlər ki, Ukraynadan bu qədər uzaqda yerləşən bazada antidron tədbirlərinin görülməsi Rusiya ordusunun müharibə təcrübəsini daha geniş strateji infrastruktura tətbiq etdiyini göstərir.
