Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri genişləndirib.
Redaksiya Anadolu Agentliyinə istinadla xəbər verir ki, Rosselxoznadzor Ermənistan mənşəli üzüm, albalı, gilas və ərik idxalını qadağan edib.
Qurum qərarı idxal zamanı aşkarlanan pozuntuların artması ilə izah edib.
Məhdudiyyətlər iyunun 2-dən qüvvəyə minəcək.
Rosselxoznadzor bildirib ki, tədbirlər Rusiyanın və Avrasiya İqtisadi İttifaqının fitosanitar təhlükəsizliyini qorumaq, həmçinin yerli bağçılıq, meyvəçilik və üzümçülük üzrə dövlət dəstəyi proqramlarını müdafiə etmək məqsədi daşıyır.
Bu qərar Ermənistan ixracatına qarşı son həftələrdə tətbiq edilən məhdudiyyətlərin davamıdır.
Daha əvvəl Rosselxoznadzor Rusiyaya göndərilən erməni balıq məhsullarının sertifikatlaşdırılmasını dayandırmış, xiyar, pomidor, göyərti və çiyələk idxalını qadağan etmişdi.
Bundan başqa, “Jermuk” mineral suyu, bir erməni konyak markası və iki şərab brendi üzrə də məhdudiyyətlər tətbiq olunub.
Qərar Moskva ilə İrəvan arasında siyasi münasibətlərin gərginləşdiyi və Ermənistan məhsullarının Rusiya bazarındakı gələcəyinin qeyri-müəyyənləşdiyi dövrə təsadüf edir.
