Rumıniyanın Avropa İttifaqı yönümlü hökuməti parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra devrilib. Baş nazir İliye Bolojanın azlıq hökuməti 281 deputatın dəstəklədiyi səsvermə nəticəsində istefaya göndərilib.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, etimadsızlıq təşəbbüsü Sosial Demokrat Partiyası və sağçı müxalif AUR tərəfindən irəli sürülüb. Sosial demokratlar daha əvvəl hakim koalisiyadan çıxaraq Bolojanın sərt qənaət tədbirlərinə qarşı çıxmışdılar.
Bolojan hökuməti büdcə kəsirini azaltmaq, bazarların etimadını bərpa etmək və Avropa İttifaqı fondlarına çıxışı qorumaq üçün vergi artımları və xərclərin azaldılması kimi addımlar atmışdı. Lakin bu siyasət koalisiya daxilində ciddi narazılıq yaradıb.
Hökumətin devrilməsi Rumıniyada yeni siyasi qeyri-müəyyənlik mərhələsi açır. Prezident Nikuşor Dan növbədənkənar seçkiləri istisna edib və yeni qərbyönlü hökumətin formalaşdırılması üçün məsləhətləşmələrə başlayacağını bildirib.
Siyasi böhran ölkənin milli valyutası leyə, borclanma xərclərinə və Avropa İttifaqından ayrılmalı olan milyardlarla avroluq maliyyə vəsaitinə çıxışına risk yaradır. Analitiklər hesab edirlər ki, yeni hökumətin formalaşdırılması çətin olacaq, çünki parlamentdə aydın çoxluq yoxdur.
