Robert Kennedi “göyə kimyəvi maddə səpilməsi”nin qarşısını alacaq

Robert Kennedi “göyə kimyəvi maddə səpilməsi”nin qarşısını alacaq

Aytac Dəniz · Media ·

ABŞ səhiyyə naziri Robert F. Kennedi Jr. bəzi qurumların təyyarələr vasitəsilə səmaya “zərərli kimyəvi maddələr” səpdiyini iddia edib.

Redaksiya New York Post-a istinadla xəbər verir ki, Kennedi bu fəaliyyəti dayandırmaq üçün əlindən gələni edəcəyini bildirib.

Kennedi açıqlamasında bu prosesin Səhiyyə Nazirliyi tərəfindən aparılmadığını, lakin ABŞ Müdafiə Nazirliyinə bağlı DARPA kimi qurumlarla əlaqəli ola biləcəyini deyib.

Onun sözlərinə görə, bəzi maddələr təyyarə yanacağına əlavə edilir və uçuş zamanı atmosferə yayılır.

Bu iddialar ABŞ-da “chemtrails” kimi tanınan mübahisəli mövzunu yenidən gündəmə gətirib.

Rəsmi qurumlar və bir çox alimlər isə təyyarələrin arxasında görünən ağ izlərin əsasən kondensasiya izi olduğunu bildirir. Onların fikrincə, bu izlər yüksək hündürlükdə təyyarə mühərriklərindən çıxan su buxarının buz kristallarına çevrilməsi ilə yaranır.

Buna baxmayaraq, Kennedi bu məsələ ilə bağlı araşdırma aparılmalı olduğunu və insan sağlamlığına risk yarada biləcək hər hansı fəaliyyətin dayandırılacağını bildirib.