Richard Mur kəşfiyyat və diplomatiya barədə danışıb

Richard Mur kəşfiyyat və diplomatiya barədə danışıb

Sevinc Kərimova · Siyasət ·

Keçmiş MI6 rəhbəri və Böyük Britaniyanın Ankaradakı sabiq səfiri Riçard Mur “Kəşfiyyat, diplomatiya və müasir münaqişə” mövzusunda keçirilən konfransda çıxış edərək müasir kəşfiyyat fəaliyyətinin əsas prinsipləri və insan faktorunun rolu barədə fikirlərini bölüşüb. O bildirib ki, siqnal kəşfiyyatı unikal məlumatlar əldə etməyə imkan verir, lakin sistemdəki generallardan birinə yaxın olmaq prosesin “kontekstini” anlamağa şərait yaradır.

Redaksiya məlumat verir ki, Riçard Mur çıxışında kəşfiyyat sahəsində insan psixologiyasının mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, insanlar eqoları yüksək olduqda daha həssas və diqqətsiz olurlar və bu da onları müşahidə üçün açıq vəziyyətə gətirir. Mur qeyd edib ki, kəşfiyyat əməkdaşları məhz bu məqamları düzgün qiymətləndirməyi bacarmalıdırlar.

Konfransda çıxışı zamanı Riçard Mur həmçinin məxfilik məsələsinə də toxunub. O bildirib ki, müasir dövrdə sirrləri qoruyarkən əvvəlki illərlə müqayisədə daha az qapalı olmaq lazımdır və ictimaiyyətin etimadını yenidən qazanmaq vacibdir. Mur vurğulayıb ki, fəaliyyət dövründə Britaniya ictimaiyyəti ilə görülən işlərin paylaşılması təşkilatın imicinin formalaşmasında mühüm rol oynayıb.

Keçmiş MI6 rəhbəri əlavə edib ki, bu açıq yanaşma cəmiyyətin müxtəlif təbəqələrindən istedadlı şəxslərin quruma cəlb olunması üçün də zəruri idi. Onun sözlərinə görə, MI6-nın bəzi sosial qruplar üçün əvvəlki dövrlərdə aktual görünməməsi yeni yanaşmaların tətbiqini qaçılmaz edib və bu istiqamətdə atılan addımlar uzunmüddətli perspektivdə müsbət nəticələr verib.