Avropada davam edən kəskin quraqlıq və istilər enerji istehsalına da ciddi təsir göstərib. Macarıstanın elektrik enerjisinin təxminən yarısını təmin edən Paks Atom Elektrik Stansiyası Dunay çayında suyun səviyyəsinin tarixi minimumlara enməsi səbəbindən istehsal gücünü əhəmiyyətli dərəcədə azaltmalı olub.
Redaksiya xəbər verir ki, Paks AES hazırda normal istehsal gücünün təxminən 10 faizi səviyyəsində işləyir. Stansiyanın soyutma sistemi Dunay çayının suyundan istifadə etdiyindən su səviyyəsinin kəskin azalması obyektin tam güclə fəaliyyət göstərməsini çətinləşdirib. Normal şəraitdə təxminən 2 min meqavat elektrik enerjisi istehsal edən stansiyanın hasilatı son dövrdə təxminən 240 meqavata qədər düşüb.
Paks AES iyulun sonundan etibarən Dunayda su səviyyəsinin sürətlə azalması səbəbindən ayrı-ayrı enerji bloklarının gücünü mərhələli şəkildə aşağı salmağa başlayıb. Stansiyanın operatoru iyulun 28-də su səviyyəsinin Paks yaxınlığında mənfi 112 santimetrə düşdüyünü və daha iki blokda ümumilikdə yüzlərlə meqavatlıq əlavə istehsal azalmasına gedildiyini açıqlamışdı.
Quraqlıq yalnız Dunaya deyil, Avropanın digər mühüm çaylarına da təsir göstərir. Reyn çayında suyun səviyyəsinin kəskin azalması yükdaşıma imkanlarını məhdudlaşdırıb, Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində isə su elektrik və nüvə enerjisi istehsalında problemlər yaranıb. Avropa Quraqlıq Rəsədxanası Macarıstan, Rumıniya, Almaniya, Avstriya və Fransanın bəzi bölgələrində quraqlıq şəraitinin kritik səviyyəyə çatdığını bildirib.
