Qrenlandiya ətrafında gərginlik: Avropa ABŞ siyasətinə etiraz edir

Qrenlandiya ətrafında gərginlik: Avropa ABŞ siyasətinə etiraz edir

Sona Osmanova · Siyasət ·

Qrenlandiya ətrafında yaranmış vəziyyət beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı gömrük rüsumları tətbiq etmək və ərazi ilə bağlı sərt mövqeyi Avropada ciddi narazılıq doğurub. Qrenlandiyanın paytaxtı Nuuk şəhərində etirazçılar ABŞ konsulluğuna yürüş edərək bu planlara etiraz ediblər.

Redaksiya Bloomberg-ə istinadla xəbər verir ki, Avropa İttifaqı ABŞ ilə mövcud ticarət sazişinin dayandırılmasına hazırlıq görür. Məlumata görə, bu addım Vaşinqtonun Qrenlandiya ilə bağlı təzyiqlərinə cavab kimi nəzərdən keçirilir və Brüsseldə məsələ üzrə məsləhətləşmələr aparılır.

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampa ünvanlanan açıqlamasında Qrenlandiyanın statusunun aydın olduğunu bildirib. Onun sözlərinə görə, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və onun gələcəyi yalnız Qrenlandiya xalqı və danimarkalılar tərəfindən müəyyən edilə bilər.

Starmer həmçinin Arktika regionunun təhlükəsizliyinin bütün NATO üzvləri üçün vacib olduğunu vurğulayıb. O qeyd edib ki, müttəfiqlərin ümumi təhlükəsizliyi müdafiə etməsinə görə onlara qarşı gömrük rüsumlarının tətbiqi yolverilməzdir və bu məsələ ABŞ administrasiyası ilə birbaşa müzakirə olunacaq.