Pekində keçirilən hərbi paradda nümayiş olunan yeni texnikalar arasında ən çox diqqət çəkən LY-1 gəmiüstü lazer sistemi oldu. Çin mediası bu silahın pilotsuz uçuş aparatlarından tutmuş qanadlı və gəmiəleyhinə raketlərə qədər düşmənin optik sensorlarını sıradan çıxarmaqla “dəniz müharibəsinin qaydalarını dəyişə biləcəyini” bildirir.
Redaksiya xəbər verir ki, LY-1 ilk dəfə səkkiz təkərli mobil daşıyıcı üzərində təqdim olunub ki, bu da onun quru platformalarında da tətbiq oluna biləcəyinə işarədir. Sistemin güc göstəriciləri açıqlanmasa da, bəzi mənbələr ən azı 50 vattlıq çıxış gücündən söz açır. Böyük əsas linzalı şüa yönləndiricisi, əlavə elektro-optik və infraqırmızı sensorları hədəfin aşkarlanması və izlənməsi üçün nəzərdə tutulub. Əlavə modullarda isə hədəfləmə dəqiqliyini artıran sistemlər yerləşdirilib. Bildirilir ki, Çin alimləri 2023-cü ildə uzunmüddətli iş üçün zəruri olan soyutma mexanizmlərində irəliləyiş əldə ediblər. LY-1-in ən böyük üstünlüyü isə məhdud döyüş sursatlı raketlərdən fərqli olaraq, atəş açma xərclərinin son dərəcə aşağı olması və “limitsiz döyüş sursatına” sahib kimi işləməsidir.
Qərbin narahatlığının əsas səbəbi isə bu texnologiyanın Çinin “girişin qarşısını alma və ərazini nəzarətdə saxlama” (A2/AD) imkanlarını daha da gücləndirməsi ilə bağlıdır. Hərbi ekspertlərə görə, lazer sistemi ABŞ-ın Asiya-Sakit okean bölgəsində tətbiq etdiyi sıxışdırma siyasətini sarsıda bilər. “The War Zone” nəşri LY-1-i “tələbatı çox yüksək olan müdafiə sistemi” kimi qiymətləndirib, “Daily Mail” isə onu “ulduz müharibəsi texnologiyası” adlandıraraq, “Qərbin beynəlxalq nizam üzərindəki üstünlüyünü alt-üst edə biləcək” silah kimi təqdim edib.
“Defence Security Asia” isə lazerin kütləvi istehsala hazır olduğunu vurğulayaraq, onu ABŞ və müttəfiqləri üçün “oyunu dəyişən, foton əsrinin təhdidi” adlandırıb. Nəşrin fikrincə, LY-1 “hava, dəniz və kosmos məkanlarında mübarizəni işıq sürətinə keçirəcək yeni paradigma”nın təcəssümüdür.
