Rusiya Prezidenti Vladimir Putin Pekində Çin lideri Si Cinpinlə görüşdə Moskva və Pekin arasında strateji əməkdaşlığın gücləndiriləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Putin Rusiya və Çinin vizasız rejim praktikasını davam etdirəcəyini açıqlayıb. O, Si Cinpini gələn il Rusiyaya səfərə dəvət edib.
Putinin sözlərinə görə, beynəlxalq arenada gərginliyin artdığı dövrdə Moskva və Pekin arasında sıx koordinasiya xüsusilə vacibdir.
Rusiya lideri noyabrda Şençjendə keçiriləcək APEC sammitində iştirak etmək niyyətini də təsdiqləyib.
Putin bildirib ki, Rusiya və Çin mədəni-sivilizasiya müxtəlifliyini, dövlətlərin suveren inkişaf hüququnu və çoxqütblü dünya yanaşmasını müdafiə edir.
O, son 25 ildə Rusiya və Çin arasında ticarət dövriyyəsinin 30 dəfədən çox artdığını qeyd edib.
Putin həmçinin Yaxın Şərqdəki böhran fonunda Rusiyanın etibarlı enerji təchizatçısı rolunu qoruduğunu, Çinin isə məsuliyyətli enerji istehlakçısı olaraq qaldığını bildirib.
Görüş Moskva və Pekinin Qərblə gərginlik fonunda siyasi, iqtisadi və enerji əməkdaşlığını daha da dərinləşdirdiyi dövrə təsadüf edir.
