Rusiya Prezidenti Vladimir Putin Valday forumunda Fransa lideri Emmanuel Makronu Napoleona bənzədərək onun “eyni aqibəti bir daha yaşamaq istədiyini” bildirib. O, Qərbin siyasətini kəskin tənqid edərək, Rusiyanın mövqeyini açıqlayıb.
Redaksiya xəbər verir ki, Putin çıxışında Rusiyanın NATO-ya qoşulmaq üçün iki dəfə müraciət etdiyini, lakin hər iki halda rədd cavabı aldığını xatırladıb: “Rusiya NATO-ya hücum edəcəkmi? Belə bir mənasız iddiaya inanmaq mümkün deyil”. O, həmçinin Rusiyanın hazırda tətbiq edilən sanksiyaların sayına görə “mübahisəsiz rekordçu” olduğunu deyib.
Putin vurğulayıb ki, Moskva suverenliyinə yönələn təhdidlərə hər zaman sürətli cavab verib və bundan sonra da geri çəkilməyəcək: “Bizi əsla təhrik etməyin. Qlobalist ekspansionistlər və onların Kiyevdəki nökərləri üçün nəticələr ortadadır. Faktiki olaraq bütün NATO ölkələri Rusiya ilə müharibə vəziyyətindədir”. O, zarafatla əlavə edib: “Artıq Danimarkaya dron uçurmayacağam, söz verirəm. Lissabona uçacaq dronlarımız yoxdur”.
Rusiya Prezidenti həmçinin Avropada “cinsiyyət terrorizminin” uşaqlara zorla sırındığını iddia edib. Onun sözlərinə görə, mənəvi dəyərlərə görə Avropadan qaçmaq istəyənlərin sayı artır: “İnsanlar öz övladlarını xilas etmək üçün bizə üz tutur”. Putin çıxışında həmçinin Qəzzanın “dünyanın ən böyük uşaq qəbiristanlığına çevrildiyini” bildirib.
