ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə müdafiə sahəsində əməkdaşlığa yeni məhdudiyyətlər tətbiq edib. Bu qərarın Vaşinqton və Ottava arasında hərbi əlaqələri çətinləşdirə biləcəyi bildirilir. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, yeni məhdudiyyətləri nəzərdə tutan sənəd ötən həftə müvafiq qurumlara göndərilib. Qərar iki ölkə arasında münasibətlərin ticarət mübahisələri fonunda gərginləşdiyi dövrə təsadüf edir.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-a birləşdirilməsi ehtimalı ilə bağlı dəfələrlə səsləndirdiyi fikirlər də Vaşinqton və Ottava arasında münasibətlərə mənfi təsir göstərib.
Yeni məhdudiyyətlərin iki ölkənin müdafiə sahəsində qarşılıqlı fəaliyyətini çətinləşdirə biləcəyi qeyd olunur.
Bununla belə, qərar ABŞ və Kanada arasında müdafiə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsinə şamil edilməyəcək.
Həmçinin NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər əvvəlki qaydada davam etdiriləcək.
Beləliklə, yeni məhdudiyyətlərə baxmayaraq, ABŞ və Kanada arasında kollektiv müdafiə və Şimali Amerika hava məkanının təhlükəsizliyi üzrə əsas əməkdaşlıq mexanizmləri qorunacaq.
