Məlumata görə, Laricaninin vəfatından sonra İran Prezidenti Pezeşkian istefa vermək niyyətindədir. Bu məqsədlə o, Ali Rəhbər Ayətullah Xameneiyə müraciət etmək istəyib. Lakin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) belə bir görüşün mümkün olmadığını bildirib. Bu məlumat İsrailin 12-ci kanalı tərəfindən yayılıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Pezeşkianın yaxın ətrafı ilə apardığı söhbətlərdə ölkə daxilindəki real səlahiyyətlərinin məhdud olduğunu açıq şəkildə dilə gətirdiyi bildirilir. O, öz çevrəsinə verdiyi açıqlamalarda SEPAH-ın onun fəaliyyətinə demək olar ki, heç bir icazə vermədiyini qeyd edib.
Pezeşkianın sözlərinə görə, o, ölkədə baş verən əsas proseslərdən, xüsusən də hərbi və strateji qərarlardan tamamilə kənarda qalıb. Prezidentə yalnız rəsmi bir vəzifənin verildiyini, hətta bəzi hallarda ali rəhbərlə əlaqə saxlayaraq öz mövqeyini bildirmək imkanının belə olmadığını ifadə edib. Bu vəziyyətdə özünü sistemə lazım olmayan bir şəxs kimi hiss etdiyini vurğulayıb.
Belə bir şəraitdə Pezeşkianın istefa vermək variantını ciddi şəkildə düşündüyü qeyd olunur. Bunun əsas səbəbi kimi SEPAH-ın onun səlahiyyətlərini qəbul etməməsi göstərilir.
