ABŞ Müdafiə Nazirliyi Rusiyanın Yer ətrafı orbitdə kinetik silah yerləşdirdiyini və bunun digər peyklərə qarşı istifadə oluna biləcəyini iddia edib. Bu barədə məlumat ABŞ Senatında keçirilən dinləmələr zamanı açıqlanıb.
Redaksiya mənbəyə istinadən istinadən xəbər verir ki, ABŞ Kosmik Qüvvələrinin əməliyyatlara cavabdeh komandanı general Çens Saltsman bildirib: “Rusiya orbitdə olduqca aqressiv imkanlarını nümayiş etdirir. Onlar, ehtimal etdiyimizə görə, kinetik zərbə aparatları yerləşdiriblər.”
Generalın sözlərinə görə, bu tip texnologiyalar digər ölkələrin peyklərinə zərbə endirmək, onların fəaliyyətini dayandırmaq və orbitdən çıxarmaq üçün istifadə oluna bilər.
Saltsman, həmçinin Çinlə bağlı narahatlıqları da qeyd edib. O bildirib ki, Çin öz peyklərində manipulyator qollar tətbiq edərək digər peykləri tutmaq və orbitdən çıxarmaq qabiliyyətinə malik olduğunu nümayiş etdirib.
“Bu imkanlar, açıq şəkildə deyə bilərik ki, orbitdəki istənilən obyektə qarşı istifadə edilə bilər.” – deyə ABŞ generalı vurğulayıb.
Bu açıqlamalar ABŞ-ın kosmosda artan təhlükəsizlik risklərinə diqqət yetirdiyini və bu sahədə yeni strateji yanaşmalara ehtiyac duyduğunu göstərir.
Sevinc Kərimova
