ABŞ kəşfiyyatı Çin şirkətlərinin İrana gizli şəkildə silah satışı ilə bağlı danışıqlar apardığını müəyyən edib.
Redaksiya “New York Times”a istinadla xəbər verir ki, danışıqlarda silahların mənbəyini gizlətmək üçün tədarükün üçüncü ölkələr üzərindən həyata keçirilməsi variantı müzakirə olunub. ABŞ rəsmiləri isə hələlik hər hansı silahın faktiki olaraq İrana çatdırılıb-çatdırılmadığını dəqiqləşdirə bilməyiblər.
Məlumata görə, ABŞ kəşfiyyatı daha əvvəl Çinin İrana MANPADS tipli daşınan zenit-raket kompleksləri göndərmək ehtimalını da nəzərdən keçirdiyini müəyyən etmişdi. Bu sistemlər aşağı hündürlükdə uçan təyyarə və helikopterlərə qarşı istifadə olunur.
ABŞ rəsmiləri bildirirlər ki, Çin artıq İranın hərbi imkanlarına kəşfiyyat, peyk dəstəyi və ikili təyinatlı texnologiyalar vasitəsilə yardım edib. Bu texnologiyaların bir hissəsinin pilotsuz uçuş aparatları və raket sistemlərində istifadə olunduğu iddia edilir.
Pekin isə oxşar ittihamları daha əvvəl rədd edib və münaqişə tərəflərinə silah vermədiyini bildirib. Hazırkı mərhələdə məsələ təsdiqlənmiş silah tədarükü deyil, ABŞ kəşfiyyatının izlədiyi mümkün gizli danışıqlar kimi qiymətləndirilir.
