Çin Xarici İşlər Nazirliyi Tayvan məsələsinin ABŞ-Çin münasibətlərində ən vacib faktor olduğunu bəyan edib.
Redaksiya Çin XİN-in bəyanatına istinadla xəbər verir ki, Pekində keçirilən ABŞ-Çin məsləhətləşmələri zamanı prezidentlər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bəyanatda qeyd olunub ki, Çin Vaşinqtonla sabit və strateji münasibətlərin qurulmasını vacib hesab edir. Pekin iki ölkə arasında münasibətlərin qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, ikitərəfli münasibətlərin gələcəyi əsasən Vaşinqtonun Tayvan məsələsinə necə yanaşacağından asılı olacaq. Rəsmi Pekin Tayvan məsələsini ABŞ-Çin əlaqələrinin “ən vacib və ən həssas faktoru” adlandırıb.
Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və xarici müdaxiləyə qarşı olduğunu bildirir. ABŞ isə “vahid Çin” siyasətini formal olaraq tanısa da, Tayvana hərbi və siyasi dəstəyini davam etdirir.
