Paşinyan “xəyal dünyasında yaşamamalıyıq” dedi

Paşinyan “xəyal dünyasında yaşamamalıyıq” dedi

Sevinc Kərimova · Media ·

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin regional reallıqları qəbul etməli olduğunu bildirib.

Redaksiya Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan çıxışında Ermənistanın ətrafındakı türk əhalisinin sayını müqayisə edərək regiondakı balansdan danışıb. O bildirib ki, Ermənistanın qərbində Türkiyədə təxminən 90 milyon, şərqində Azərbaycanda 10 milyon, cənubunda isə İranda milyonlarla türk yaşayır.

Paşinyan vurğulayıb ki, Ermənistanın öz əhalisi təxminən 3 milyon nəfərdir və ölkə “xəyal dünyasında” deyil, real geosiyasi şəraitdə qərarlar verməlidir. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyi və gələcəyi region dövlətləri ilə münasibətlərin normallaşdırılmasından keçir.

Baş nazir son aylarda Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması barədə daha açıq mesajlar verir. O, daha əvvəl də Ermənistan cəmiyyətində uzun illər formalaşmış düşmənçilik ritorikasını tənqid etmiş və regionda davamlı sülh üçün yeni yanaşmanın lazım olduğunu bildirmişdi.