Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya qarşı növbəti sərt çıxışı ilə gündəmə gəlib. O, ölkəsindəki fırıldaqçılıq və dələduzluq hallarının əksəriyyətinin Ukrayna vətəndaşları tərəfindən törədildiyini iddia edib. Orban bu açıqlamanı ictimaiyətə çıxışında Avropa İttifaqının Ukrayna ilə bağlı mövqeyinə etiraz məqsədilə səsləndirib.
Redaksiya xəbər verir ki, Orbanın fikrincə, Ukraynanın Avropa İttifaqına qəbul edilməsi qitənin təhlükəsizliyini ciddi şəkildə risk altına atacaq. O, Ukraynanı “təhlükəli ölkə” kimi xarakterizə edərək, bu dövlətin Avropa ailəsindən kənarda saxlanılmalı olduğunu vurğulayıb.
“Bizim hüquq-mühafizə orqanlarımızın gündəlik olaraq üzləşdiyi fırıldaqçılıq və dələduzluq hallarının arxasında əsasən Ukrayna mənşəli şəxslər dayanır. Bu cür tendensiya cəmiyyətimizin təhlükəsizliyini təhdid edir” – deyə Orban bildirib.
Macarıstan hökumətinin başçısı əlavə edib ki, Avropa İttifaqının sərhədlərini genişləndirməsi düşünülməmiş qərarlarla aparılmamalıdır. Onun sözlərinə görə, Ukraynanın mövcud sosial, iqtisadi və hüquqi strukturu Aİ standartlarından kənardadır və təşkilata inteqrasiyası daha da dərin siyasi böhran yarada bilər.
Orbanın bu çıxışı Avropa dairələrində tənqidlə qarşılanıb. Bəzi siyasətçilər onun mövqeyini ifrat millətçi və populist olaraq dəyərləndirir, bəziləri isə Ukraynanın Avropaya uyğunlaşma prosesində real problemlərin olduğunu qəbul edir.
Xatırladaq ki, Viktor Orban Avropa İttifaqı daxilində Ukraynanın üzvlüyünə qarşı çıxan əsas liderlərdən biri kimi tanınır və bu məsələ ətrafında mütəmadi mübahisələr yaradır.
Sevinc Kərimova
