Süni intellekt sahəsində fəaliyyət göstərən ABŞ mərkəzli OpenAI, yeni səhm satışının tamamlanması ilə 500 milyard dollar dəyərə çata bilər.
Redaksiya xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, bu dəyərəlmə şirkəti dünyanın ən dəyərli özəl texnologiya şirkəti statusuna daşıya bilər. Hazırda bu mövqe 400 milyard dollar dəyəri olan İlon Maskın SpaceX şirkətinə məxsusdur.
Yeni razılaşma, OpenAI-nin birbaşa hal-hazırda və ya əvvəllər çalışmış əməkdaşlarının səhm satışını mümkün edəcək.
Marağın səbəbi nədir?
OpenAI, keçən ay SoftBank rəhbərliyi ilə keçirilən 40 milyard dollarlıq investisiya raundu nəticəsində 8,3 milyard dollar cəlb etmiş və dəyərini 300 milyard dollara çatdırmışdı. Bloomberg bildirir ki, o zaman investor tələbi təklifin 5 qatını keçmişdi.
Yeni səhm satışında da investor marağının çox yüksək olduğu qeyd olunur. Razılaşma baş tutarsa, OpenAI SpaceX-i geridə qoyaraq ən dəyərli özəl texnologiya şirkəti olacaq.
GPT-5 və açıq modellər yoldadır
OpenAI, hal-hazırda ildə 12 milyard dollardan çox abunə gəliri ilə bazarda liderliyini qoruyur. Şirkət bu həftə "açıq ağırlıqlı" (open-weight) modellərini istifadəyə verib. Eyni zamanda, bu ayın sonunadək GPT-5 modelinin təqdim olunması gözlənilir.
Süni intellekt sahəsində rəqabət də artır. OpenAI-nin əsas rəqiblərindən biri olan Anthropic şirkətinin bu il 4 milyard dollar gəlir əldə edəcəyi gözlənilir.
Siyasi dəstək də arxasında
ABŞ prezidenti Donald Tramp, süni intellektə yönəlik investisiyaları təşviq edən “Big Beautiful Bill” adlı qanun layihəsini təqdim edib. Bu təşəbbüs, vergi güzəştləri ilə investor marağını artırmaq məqsədi daşıyır və OpenAI-nin qərarlarının formalaşmasında da təsirli olduğu düşünülür.
OpenAI və onun əsas investorlarından olan Thrive Capital məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina ediblər.
Lakin proses uğurla başa çatarsa, OpenAI təkcə süni intellekt sektorunun deyil, bütün özəl texnologiya bazarının da lideri statusunu qazanmış olacaq.
Fərid Əlizadə
