İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” şirkəti ilə birgə “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na start verir.
Layihənin keçirilməsində əsas məqsəd ölkədə süni intellekt və rəqəmsal bacarıqların inkişafına, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı İKT mütəxəssislərinin hazırlanmasına və kadr potensialının gücləndirilməsinə töhfə verməkdir.
Proqram çərçivəsində 405 nəfər tam ödənişsiz təhsil almaq imkanı əldə edəcək.
“Süni İntellekt Əsaslı Təhsil Proqramı” iştirakçıların süni intellektlə ilkin tanışlıqdan başlayaraq peşəkar və ixtisaslaşmış bacarıqlar əldə etməsinə imkan verən üçdərəcəli tədris modeli əsasında təşkil olunacaq. Tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə üstünlük veriləcək.
Birinci dərəcə tədris modelində süni intellekt haqqında əsas biliklərin formalaşdırılması, gündəlik və peşəkar fəaliyyət üçün praktiki AI bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müəllimlərin süni intellektdən istifadəsi üzrə bacarıqlarının artırılması nəzərdə tutulur. Bu mərhələdə təlimlər regionlarda yaşayan şəxslər üçün onlayn, Bakı şəhərində isə əyani keçiriləcək. Təlimlərdə iştirak üçün xüsusi ixtisas və ya iş təcrübəsi tələb olunmur. Müəllimlər üçün nəzərdə tutulan proqramda isə pedaqoji fəaliyyət, mentorluq və təlimçilik təcrübəsi əsas götürülür.
İkinci dərəcə İKT sahəsi ilə yanaşı, riyaziyyat və mühəndislik ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri və məzunlar üçün nəzərdə tutulub. Proqram iştirakçıları süni intellektdən istifadə etməklə proqramlaşdırma, kibertəhlükəsizlik və məlumatların təhlili istiqamətlərində praktiki bacarıqlara yiyələnəcəklər.
Üçüncü dərəcə tədris modelində müvafiq İKT sahəsində ən azı bir il iş təcrübəsi və ya peşəkar sertifikatı olan şəxslər iştirak edə bilərlər. Bu mərhələdə süni intellekt, kibertəhlükəsizlik və bulud texnologiyaları istiqamətlərində ixtisaslaşmış kadrların hazırlanması planlaşdırılır.
Qeyd edək ki, “Süni İntellekt Əsaslı Təhsil Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilir.
Proqramda iştirak etmək istəyənlər link vasitəsilə müraciət edə bilərlər:
https://idda.az/az/reqemsal-seristelerin-inkisafi/teqaud-proqramlari/suni-intellekt-esasli-tehsil-proqrami
Son müraciət tarixi: 11.10.2026
