Niderland hökuməti işğal altındakı Fələstin ərazilərində yerləşən İsrail məskənlərindən gətirilən malların ölkə bazarına buraxılmasını qadağan edib. Məhdudiyyətlər 2026-cı il sentyabrın 22-dən qüvvəyə minəcək. Bu barədə Niderland hökuməti məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, həmin məskənlərdən gələn malların idxalı, alınması və satılması qadağan olunacaq. Bu məhsulların ticarətini mümkün edən vasitəçilik xidmətlərinin göstərilməsinə və məhdudiyyətlərdən yayınmağa yönəlmiş əməliyyatlara da icazə verilməyəcək.
Niderland hökuməti qərarı ölkənin beynəlxalq hüquqa zidd hesab etdiyi vəziyyətə iqtisadi fəaliyyətlə töhfə verməmək öhdəliyi ilə əsaslandırıb. Rəsmi Haaqa İsrail məskənlərinin və onların genişləndirilməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirir.
Sanksiya qərarı əvvəlcə təcili rəy alınması üçün Niderland Dövlət Şurasına təqdim edilib. Şuranın rəyi sənəddə dəyişiklik edilməsinə səbəb olmayıb və qərar rəsmi nəşrdən iki ay sonra qüvvəyə minəcək. Niderlandın məskənlərlə əlaqəli digər iqtisadi fəaliyyətlərə qarşı 2006-cı ildən tətbiq etdiyi çəkindirmə siyasəti də davam etdiriləcək.
