Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov İqtisadiyyat.az-a açıqlamasında fikirlərini bölüşüb.
O bildirib ki, aprelin 1-nə olan məlumata görə, dünya bazarında neftin qiyməti kəskin artıb, “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli 132,35 ABŞ dolları, “Brent” markalı neft isə 127,24 ABŞ dolları civarında ticarət olunur:
“Yaxın zamanlarda bu qiymətin hətta 200 dollara qədər artacağı ilə bağlı ehtimallar da mövcuddur. Biz neftin qiymətinin artmasından əldə olunan gəlirlərin necə xərclənməsindən danışanda ilk növbədə artımın səbəblərinə diqqət yetirməliyik.

Neftin qiymətindəki sıçrayışlı artımlar Hörmüz boğazındakı məhdudiyyətlər və ABŞ-İsrail-İran müharibəsi ilə bir-başa bağlıdır. Amma müharibənin nə qədər davam edəcəyi və Hörmüz boğazı ilə bağlı münasibətlərin taleyinin necə həll olunacağını heç kim proqnozlaşdıra bilmir. Yəni müharibə yaxın perspektivdə başa çatarsa, neftin qiymətinin yenidən sürətlə aşağı enəcəyi gözləniləndir. Bu baxımdan bu günki artımların müvəqqəti xarakter aldığını deyə bilərik”.
Deputat vurğulayıb ki, neftin qiymətində bir sabitlik yaranmamış gəlirlərin istifadəsi və büdcəyə yenidən baxılması ilə bağlı məsələlərin gündəmə gətirilməsi hələ tezdir:
“Amma bu gün neftin qiymətinin artmasından gələn hər bir gəlir Azərbaycan Dövlət Neft Fondunda yığılır və dövlətin valyuta ehtiyatını artırır. Enerji daşıyıcılarının qiymətləri uzunmüddətli perspektivdə yüksək qalarsa və büdcəyə əlavə gəlirlərin daxil olması dinamik hal alarsa, təbii ki, dövlət büdcəsinə yenidən baxılması, sosial proqramların genişləndirlməsi, nəzərdə tutulan proqramların daha sürətlə həyata keçirilməsin mümkün olacaqdır”.
