Müstəqilliyimizi qorumaq hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur

Müstəqilliyimizi qorumaq hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur

Aytac Dəniz · Media ·

Hər bir xalqın tarixində qürur doğuran günlər vardır. Bizim üçün belə günlərdən biri də Dövlət müstəqilliyinin bərpası günüdür. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. XX əsrin sonlarında Sovet İttifaqında yaranmış ağır siyasi-iqtisadi vəziyyət Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidlərinin baş qaldırmasına geniş vüsət yaratdı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbulu ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi bütün dünyaya elan olundu. Beləliklə, 1918-ci ilin mayında Şərqdə ilk demokratik dövlət, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri üzərində ölkənin dövlətçilik tarixində yeni müstəqillik dövrü başlandı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Onun hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldılar. Ölkədə əmin-amanlıq, sabitlik yarandı. İnflyasiya dayandırıldı, aqrar sahədə islahatlara başlandı. Hazırda dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurlara hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmışdır. Planetin bu kiçik dövləti dünyanın ən böyük dövlətləri üçün nümunəyə, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Azərbaycan xalqı müstəqilliyini əldə etmək üçün böyük itkilər vermiş, torpaqlarımızın müdafiəsi ölkəmizin suverenliyi, ərazi bütövlüyünün müdafiəsində oğul və qızlarımız qəhrəmancasına vuruşmuş, həyatlarını qurban vermişlər. Buna görə müstəqilliyimizi qorumaq, onun dəyərini bilmək və daim müdafiə etmək hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur.

Xuraman İmanova:
Neftçala rayonu