Moskvaya gedən Amerikalı jurnalist Rusiyanın Qərb mediasında fərqli təqdim olunduğunu bildirib

Moskvaya gedən Amerikalı jurnalist Rusiyanın Qərb mediasında fərqli təqdim olunduğunu bildirib

Könül Məmmədova · Media ·

Amerikalı jurnalist Kendis Ouens Moskvaya səfərindən sonra sosial şəbəkələrdə Rusiya ilə bağlı təəssüratlarını paylaşıb.

Redaksiya xəbər verir ki, Ouens Rusiyanın paytaxtını “inanılmaz dərəcədə gözəl, təmiz və nizamlı şəhər” adlandırıb.

“Bilmirəm nə gözləyirdim, amma bunu yox. Moskva çox gözəl, təmiz və təşkil olunmuş şəhərdir”, — deyə jurnalist X hesabında yazıb.

Ouens bildirib ki, Qərb mediasında Rusiyanın təqdim olunma tərzi ilə gördükləri arasında böyük fərq var.

Onun sözlərinə görə, ABŞ-da ictimai platforması olan bir şəxsin Rusiyaya səfər etməsi bəzi dairələrdə dərhal panika və “Rusiya ilə əlaqə” ittihamları yaradır.

“Bu, Platonun mağara alleqoriyasına bənzəyir. Şəhərin bu qədər təmiz, gözəl və nizamlı olması, Qərb mediasında göstərilən obrazdan bu qədər uzaq olması sadəcə şokedicidir”, — deyə Ouens qeyd edib.

Jurnalist səfər zamanı Müqəddəs Üçlük-Sergi Lavrasını və Rusiya Silahlı Qüvvələrinin Baş Məbədini də ziyarət edib.

O, Rusiyada xristian irsinin və dini ifadənin güclü şəkildə qorunduğunu bildirib.

“Buradakı xristian ifadəsi və irsi misilsizdir. Qərbdə bizə Rusiya haqqında yalan danışmaları təəccüblü deyil”, — deyə Ouens yazıb.

Kendis Ouens Moskvaya övladları ilə birlikdə gəldiyini və bu səfərin onun üçün sadəcə ailə tətilindən daha artıq məna daşıdığını bildirib.