Moskva ballistik raketlərin Ukraynada tətbiqini açıqladı

Moskva ballistik raketlərin Ukraynada tətbiqini açıqladı

Yulduz Səlimov · Media ·

Rusiya Prezidenti Vladimir Putin Moskva İstilik Texnikası İnstitutuna səfəri zamanı bu qurumun hazırladığı raket komplekslərinin Ukraynaya qarşı müharibədə istifadə olunduğunu bildirib.

Redaksiya məlumat verir ki, Putin institutda çıxışı zamanı MİT tərəfindən yaradılan ballistik qeyri-nüvə raket komplekslərinin döyüş şəraitində tətbiq edildiyini deyib. Bu açıqlama Ukrayna kəşfiyyatının “Oreşnik” raketinin məhz Moskva İstilik Texnikası İnstitutu tərəfindən hazırlanması ilə bağlı əvvəlki məlumatları fonunda diqqət çəkib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl bildirmişdi ki, “Oreşnik” raketinin hazırlanmasında əsas rol MİT-ə məxsusdur. Kiyev tərəfi həmin raketin Ukraynaya qarşı müharibədə iki dəfə istifadə edildiyini açıqlamışdı.

Putinin səfəri zamanı səsləndirdiyi fikirlər Moskvanın yeni ballistik sistemlərin Ukraynadakı müharibədə tətbiqini dolayı şəkildə təsdiqləməsi kimi qiymətləndirilir. Rusiya tərəfi bu sistemləri nüvə başlığı daşımayan, lakin yüksək dağıdıcı gücə malik müasir raket kompleksi kimi təqdim edir.

Moskva İstilik Texnikası İnstitutu Rusiyanın strateji raket proqramlarında mühüm rol oynayan əsas qurumlardan biridir. İnstitut daha əvvəl “Topol”, “Yars” və “Bulava” kimi raket sistemlərinin hazırlanması ilə tanınıb.