Beynəlxalq kredit reytinqi agentliyi Moody’s, ABŞ tarixində nadir rast gəlinən bir qərarla bu ölkənin kredit reytinqini 108 ildən sonra aşağı salıb. Qərarın arxasında ABŞ-ın sürətlə artan borc yükü və büdcə kəsiri dayanır.
Redaksiya CNN Türk-ə istinadən xəbər verir ki, jurnalist Yunus Paksoy bu qərarın arxa planına diqqət çəkərək bildirib:
“ABŞ-ın təxminən 37 trilyon dollarlıq borcu var. Bu ölkə ildə 1 trilyon dollardan çox faiz ödəyir ki, bu rəqəm ABŞ-ın nəhəng müdafiə büdcəsindən belə yüksəkdir.”
Moody’s-in bu qərarı beynəlxalq maliyyə bazarlarında güclü əks-səda doğurub. Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ-ın maliyyə dayanıqlılığına olan inamın zədələnməsi qlobal investorların risk qiymətləndirməsinə və dolların beynəlxalq statusuna təsir göstərə bilər.
ABŞ Maliyyə Nazirliyi isə mövqeyində bu qərarın siyasi proseslər və qısamüddətli büdcə mübahisələri ilə əlaqəli olduğunu, ölkənin uzunmüddətli öhdəliklərini yerinə yetirməkdə qətiyyətli olduğunu bildirib.
Fərid Əlizadə
