ABŞ-ın dövlət qurumları, universitetləri və enerji müəssisələri SharePoint platformasındakı təhlükəsizlik zəifliyi səbəbindən haker hücumlarına məruz qalıb.
Redaksiya xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, hücum nəticəsində yalnız ABŞ deyil, Kanada, Avstraliya və Asiyada fəaliyyət göstərən bir telekommunikasiya təşkilatı da təsirlənib. Zərərçəkən qurumlar arasında sənədlərin paylaşımı və idarəedilməsi üçün istifadə olunan Microsoft SharePoint serverləri əsas hədəf olub.
ABŞ, Kanada və Avstraliya hökumətləri bu hücumla bağlı birgə araşdırma başladıb. Ekspertlərin bildirdiyinə görə, hazırda on minlərlə SharePoint serveri bu zəiflik səbəbindən risk altındadır.
Microsoft hələlik bu boşluğu aradan qaldırmaq üçün rəsmi təhlükəsizlik yeniləməsi təqdim etməyib. Mütəxəssislər isə təşkilatlara müvəqqəti təhlükəsizlik tədbirləri görməyi tövsiyə edirlər. Hücumun arxasında hansı haker qruplarının dayandığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Fərid Əlizadə
