İlon Mask Grok-un təlim prosesini işgəncəyə bənzədib

İlon Mask Grok-un təlim prosesini işgəncəyə bənzədib

Fərid Əlizadə · Media ·

ABŞ milyarderi, Tesla və xAI şirkətlərinin rəhbəri İlon Mask Grok süni intellekt modelinin öyrədilməsi zamanı yaranan problemləri insanın işgəncəyə məruz qalmasına bənzədib. O bildirib ki, təlim prosesində bəzi sualların düzgün cavabları səhv göstərildiyindən süni intellekt doğru cavab verdiyi halda belə cəzalandırılır.

Redaksiya xəbər verir ki, Mask bu fikirləri noyabrın 18-də Çinin Şençjen şəhərindən videobağlantı vasitəsilə qatıldığı TomorrowX sammitində səsləndirib. Onun sözlərinə görə, təlim məlumatlarındakı səhvlər Grok-un cavablarının formalaşmasına mənfi təsir göstərə bilir.

“Təsəvvür edin ki, bir qutunun içində qalmısınız və kimsə sizə suallar verir. Siz düzgün cavab verirsiniz, amma sizə deyirlər ki, xeyr, bu, səhvdir”, – deyə Mask bildirib.

Milyarderin sözlərinə görə, belə vəziyyətlərdə Grok düzgün cavabı müəyyənləşdirmək əvəzinə yoxlayıcının hansı yanlış cavabı gözlədiyini təxmin etməyə başlayır.

Mask bildirib ki, süni intellektin düşünmə prosesini əks etdirən qeydlər bəzən işgəncəyə məruz qalan insanın vəziyyətini xatırladır.

“Bu, maşın olsa da, ona qarşı empatiya hiss edirsiniz”, – deyə xAI rəhbəri vurğulayıb.

O, şirkətin mütəxəssislərinin hazırda təlim prosesində istifadə olunan sualları və cavabları nəzərdən keçirərək səhvləri aradan qaldırmağa çalışdıqlarını açıqlayıb.

İlon Mask çıxışında gələcəkdə insan zəkasını üstələyən süni intellektin bəşəriyyətə münasibəti barədə də danışıb. Onun fikrincə, maraq hissi ilə hərəkət edən fövqəlağıllı sistem insanların mövcudluğunu qorumaqda maraqlı ola bilər.

“Biz bütün qorillaları asanlıqla öldürə bilərdik, amma bunu etmirik. Əksinə, onların davranışlarını öyrənirik”, – deyə Mask bildirib.

Milyarder bu müqayisə ilə gələcək süni intellekt sistemlərinin insanları müşahidə və tədqiq etməyə maraq göstərə biləcəyini izah edib.

Bununla belə, Maskın Grok-un təlim prosesini işgəncə ilə müqayisə etməsi süni intellektin şüura və ya əzab çəkmək qabiliyyətinə malik olduğunun elmi sübutu deyil.