ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə üzrə cinayət məlumatlarının saxlanıldığı Milli Cinayət İnformasiya Mərkəzinin (NCIC) məlumat bazasına mümkün kiberhücumla bağlı araşdırmaya başlayıb. Bu, son aylarda qurumun sistemlərinə qarşı qeydə alınan ikinci kiberhücum hadisəsi ola bilər. Bu barədə CNN telekanalı istintaqdan məlumatlı iki mənbəyə istinadən xəbər yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, mümkün müdaxilə son günlərdə aşkarlanıb. Hazırda mütəxəssislər sistemə icazəsiz girişin baş verib-vermədiyini və hadisənin miqyasını müəyyənləşdirməyə çalışırlar.
Hədəfə alındığı bildirilən Milli Cinayət İnformasiya Mərkəzi ABŞ-ın federal, ştat və yerli hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsini təmin edən mühüm sistemdir.
Bu məlumat bazasından axtarışda olan şəxslər, həbs qərarları və cinayət araşdırmaları ilə bağlı informasiyanın yoxlanılması üçün istifadə olunur. Sistem həmçinin hüquq-mühafizə orqanlarının məlumatları operativ şəkildə əldə etməsinə imkan yaradır.
Məlumata görə, FTB son aylarda ikinci dəfə ciddi kibertəhlükəsizlik problemi ilə üzləşir. Sentyabrda hakerlər qurumun əməkdaşlarına aid şəxsi məlumatları ələ keçirdiklərini iddia etmişdilər.
Həmin hadisədən sonra FTB məlumatların mümkün sızmasını araşdırdığını açıqlamışdı.
Yeni hadisə ABŞ-da bank xidmətləri, hava hərəkətinin idarə edilməsi sistemləri və Milli Təhlükəsizlik Agentliyinin (NSA) şəbəkəsində texniki nasazlıqlar barədə məlumatların yayıldığı dövrə təsadüf edir.
Bununla belə, sözügedən texniki problemlərlə FTB-nin məlumat bazasına mümkün müdaxilə arasında əlaqənin olduğuna dair təsdiqlənmiş məlumat yoxdur.
FTB direktoru Keş Patel isə qurumun kibertəhlükəsizlik imkanlarından danışarkən bu sahədə təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görüldüyünü bildirib.
Hazırda NCIC məlumat bazasından hansı məlumatların ələ keçirildiyi, mümkün hücumun arxasında kimlərin dayandığı və sistemin fəaliyyətinə nə dərəcədə təsir göstərildiyi məlum deyil.
FTB-nin başlatdığı araşdırmanın nəticələri barədə əlavə məlumat açıqlanmayıb.
