Microsoft mühəndislərə bahalı Sİ istifadəsini məhdudlaşdırır

Microsoft mühəndislərə bahalı Sİ istifadəsini məhdudlaşdırır

Fərid Əlizadə · Media ·

Microsoft-un minlərlə mühəndisə Claude Code istifadəsi verdikdən sonra xərclərin kəskin artması səbəbilə daxili məhdudiyyətlər tətbiq etdiyi bildirilir.

Redaksiya xəbər verir ki, şirkət mühəndislərə süni intellekt alətlərindən istifadədə daha ucuz daxili həllərə keçməyi tövsiyə etməyə başlayıb.

Məlumata görə, Claude Code mühəndislər arasında məhsuldarlığı artırıb: kod yazma, səhv düzəltmə və code review prosesləri sürətlənib. Lakin genişmiqyaslı istifadədən sonra token xərcləri gözləniləndən çox yüksək olub.

Hər prompt, kod düzəlişi, test və analiz ayrıca hesablama gücü tələb etdiyindən Microsoft miqyasında ümumi xərc böyük rəqəmlərə çatıb.

İddialara görə, oxşar vəziyyət Uber-də də yaşanıb. Bəzi mühəndislərin ayda 500-2000 dollar arasında Sİ xərci yaratdığı, bir rəhbərin isə iki saatlıq demo zamanı 1200 dollarlıq istifadə etdiyi bildirilir.

Nvidia rəhbərlərindən biri də bu tendensiyaya diqqət çəkərək hesablama gücünün xərcinin bəzi hallarda əməkdaşların maaşından daha yüksək ola bildiyini deyib.

Bu vəziyyət Big Tech şirkətləri üçün yeni paradoks yaradıb: Sİ işçilərin məhsuldarlığını artırır, lakin real miqyasda istifadə edildikdə xərclər də sürətlə böyüyür.

Ekspertlər hesab edirlər ki, növbəti mərhələdə şirkətlər yalnız “Sİ istifadə edək” yanaşmasından çıxaraq token büdcəsi, model seçimi, daxili optimizasiya və xərclərə nəzarət mexanizmlərinə daha çox fokuslanacaq.