Meta-nın Vibes tətbiqi iqtisadiyyatı sarsıdır

Meta-nın Vibes tətbiqi iqtisadiyyatı sarsıdır

Səidə Əsədli · İqtisadiyyat ·

Meta şirkəti insan iştirakı olmadan tamamilə süni intellekt tərəfindən yaradılan videolardan ibarət yeni “Vibes” tətbiqini istifadəyə verib. Platforma ilkin olaraq Braziliya və Meksikada işə salınıb və Meta AI daxilində istifadənin son 3 ayda 3 dəfə artmasından sonra geniş auditoriyaya təqdim edilib.

Redaksiya xəbər verir ki, tətbiqdə yayımlanan bütün videolar süni intellekt vasitəsilə hazırlanır və istifadəçilər istənilən məzmunu götürərək musiqini dəyişə, üslubu yeniləyə, yeni vizuallar əlavə edə və öz versiyasını paylaşa bilirlər. Bu isə müəllif anlayışının arxa plana keçdiyi, “remiks mədəniyyəti”nə əsaslanan yeni məzmun modelinin formalaşmasına səbəb olur.

Meta-nın açıqlamasına görə, məzmun istehsalı bu imkanlar yaradıldıqdan sonra 10 dəfə artıb. Şirkət bu artımı əsas götürərək, bütöv bir tətbiqi süni intellekt tərəfindən yaradılan videolara həsr edib. Platformada əsas ideya insanların məzmun yaratmasından daha çox, mövcud materialları seçib yenidən formalaşdırmasına əsaslanır.

Mütəxəssislər bildirir ki, bu yanaşma ənənəvi “yaradıcı iqtisadiyyat” modelini ciddi şəkildə zəiflədə bilər. Çünki indiyədək keyfiyyətli məzmun üçün bacarıq, avadanlıq və zaman tələb olunurdusa, indi süni intellekt bu maneələri aradan qaldırır və məzmun bolluğu yaradır.

Qeyd olunur ki, Meta bu layihəni Instagram və Facebook-dan ayrı təqdim etməklə istifadəçi davranışlarını ayrıca analiz etmək imkanı əldə edir. Eyni zamanda, YouTube kimi platformaların süni intellekt spamına qarşı tədbirləri sərtləşdirdiyi bir dövrdə Meta bu istiqamətdə tam infrastruktur qurur.

Analitiklərin fikrincə, “Vibes” layihəsi sosial şəbəkələrin gələcək inkişaf istiqamətini müəyyən edə bilər. Əgər istifadəçilər süni intellekt tərəfindən yaradılan məzmunu izləməyə davam edərsə, yaxın 2 il ərzində digər böyük platformaların da oxşar modellərə keçidi mümkündür.