“Termoplan Azərbaycan” MMC Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.
MMC Bakı İnzibati Məhkəməsinə müraciət edərək müvafiq koda uyğun gömrük rəsmiləşdirilməsinin aparılması tələbi irəli sürüb.
İddiaçı 2024-cü il tarixli invoys sənədi əsasında idxal etdiyi malların koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsini istəyib.
Şirkət bununla yanaşı, malların 20 gün müddətində saxlanılması ilə əlaqədar hər gün üçün 150 avro olmaqla pul vəsaitinin ona ödənilməsini də tələb edib.
“Termoplan Azərbaycan” tələbini əsaslandırarkən bildirib ki, dondurma istehsal edən avadanlığın idxalı zamanı gömrük orqanı onun kodu altında rəsmiləşdirilməsinə razılıq verməyib. Gömrük orqanı tərəfindən avadanlığın soyuducuya aid kodu üzrə rəsmiləşdirilməli olduğu bildirilib.
İddia ərizəsində qeyd olunub ki, malın mənşə sənədində, istehsalçının invoysunda və bəyannamələrində məhsulun “dondurma istehsalı üçün aparat və həmin aparat üçün altlıq şkaf” kimi göstərilən kod üzrə təsnifləşdirildiyi əks olunub.
Şirkətin mövqeyinə görə, gömrük orqanı avadanlığın soyuducuya aid başqa kod üzrə rəsmiləşdirilməli olduğunu bildirsə də, bununla bağlı əsaslandırılmış və mötəbər sənəd təqdim etməyib.
“Termoplan Azərbaycan” hesab edib ki, idxal etdiyi məhsulun bəyan etdiyi XİFMN kodu üzrə gömrük rüsumu 0 faiz təşkil edir.
Şirkətin mövqeyinə görə, gömrük orqanının malı başqa kod üzrə təsnifləşdirmək istəməsi nəticəsində əhəmiyyətli məbləğdə əlavə gömrük ödənişinin yaranmasına səbəb olub.
Bu səbəbdən sahibkar gömrük rəsmiləşdirilməsinin müvafiq kod əsasında başa çatdırılmasını tələb edib.
Cavabdeh Bakı Baş Gömrük İdarəsi isə iddiaya yazılı etirazında şirkətin mövqeyi ilə razılaşmayıb. Gömrük orqanının məhkəməyə təqdim etdiyi etiraza əsasən, Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəyi ilə idxal olunan malın XİFMN üzrə təsnifat kodunun şirkət tərəfindən bəyan edilmiş koddan fərqli olduğu müəyyən edilib. Bunun əsasında gömrük bəyannaməsi müvafiq düzəlişlərin aparılması üçün bəyannaməçiyə göndərilib.
Gömrük İdarəsi bildirib ki, həmin tarixədək bəyannamə “brokerdə” statusunda olub və rəsmiləşdirilməsi üçün təqdim edilməyib.
Gömrük orqanının hesablamasına görə, malın fərqli kod üzrə təsnifləşdirilməsi nəticəsində ödənilməli əlavə gömrük ödənişinin ümumi məbləği 21 941,12 manat təşkil edib.
Bakı İnzibati Məhkəməsi qərarı ilə iddianı qismən təmin edib. Qərara əsasən, MMC tərəfindən 2024-cü il tarixli invoys sənədi əsasında idxal olunmuş malların koduna uyğun hesab edilməklə gömrük rəsmiləşdirilməsinin başa çatdırılması Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilib. Bakı Baş Gömrük İdarəsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Şikayətdə birinci instansiya qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Cavabdeh bu qərardan da kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin kassasiya şikayəti təmin edilməyib.
Məlumat üçün deyək ki, “Termoplan Azərbaycan” şirkətinin qanuni təmsilçisi Məmmədov Xalid Tariyel oğlu, nizamnamə kapitalı isə, 1 000 manatdır.
Plat.az
