Merts: Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır

Merts: Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır

Könül Məmmədova · Media ·

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna gələcəkdə Rusiya ilə mümkün sülh sazişi çərçivəsində bəzi ərazilərin Kiyevin nəzarətindən kənarda qalması ilə barışmalı ola bilər. Reuters-in məlumatına görə, Merts bunu Şimali Reyn-Vestfaliya əyalətinin Marsberq şəhərində tələbələrlə görüşü zamanı deyib.

Redaksiya xəbər verir ki, Merts bildirib ki, Ukrayna nə vaxtsa atəşkəs razılaşması, daha sonra isə Rusiya ilə sülh müqaviləsi imzalaya bilər. Onun sözlərinə görə, belə bir mərhələdə “Ukrayna ərazisinin bir hissəsinin artıq Ukraynaya məxsus olmaması” ehtimalı yarana bilər.

Kansler bu mümkün güzəşti Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi ilə əlaqələndirib. O bildirib ki, Prezident Volodimir Zelenski bunu öz xalqına izah etmək və çoxluğun dəstəyini almaq istəsə, referendum keçirə bilər. Mertsin sözlərinə görə, Zelenski belə halda ukraynalılara “Avropaya yol açdığını” deməli olacaq.

Eyni zamanda, Almaniya kansleri Ukraynanın Aİ-yə sürətli üzvlüyü ilə bağlı gözləntiləri real saymadığını vurğulayıb. O deyib ki, Ukrayna müharibə davam etdiyi müddətdə bloka qoşula bilməz və əvvəlcə hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə kimi sərt meyarlara cavab verməlidir.

Merts qeyd edib ki, Ukraynanın 2027-ci il yanvarın 1-də Aİ-yə üzv olması mümkün deyil, hətta 2028-ci ilin əvvəli də real görünmür. O, bunun əvəzinə Ukraynaya Aİ institutlarında müşahidəçi statusu kimi ara mərhələlərin verilməsini təklif edib.