İtaliyanın Baş naziri Corcia Meloni ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinin Əfqanıstandan geri çəkilməsi ilə bağlı səsləndirdiyi fikirlərin İtaliya hökumətində təəccüb doğurduğunu bildirib. Onun sözlərinə görə, bu cür bəyanatlar NATO ölkələrinin verdiyi real töhfələri kölgədə qoyur və qəbuledilməzdir.
Redaksiya xəbər verir ki, Corcia Meloni xatırladıb ki, NATO ABŞ-la fövqəladə həmrəyliyin göstəricisi olaraq 5-ci maddəni işə salıb. Bu qərar alyans tarixində misilsiz addım kimi qiymətləndirilib və üzv dövlətlərin təhlükəsizlik sahəsində kollektiv öhdəliyini nümayiş etdirib.
Baş nazir vurğulayıb ki, İtaliya bu çağırışa dərhal cavab verərək minlərlə hərbçi göndərib və Qərb Regional Komandanlığının idarəçiliyini öz üzərinə götürüb. Onun sözlərinə görə, bu addım ölkənin NATO çərçivəsində məsuliyyətini və müttəfiqlik ruhunu açıq şəkildə ortaya qoyub.
Corcia Meloni qeyd edib ki, Əfqanıstan missiyası zamanı İtaliya 53 hərbçisini itirib, 700-dən çox hərbçi isə yaralanıb. O, NATO ölkələrinin töhfələrini kiçildən açıqlamaların yolverilməz olduğunu bildirərək, “Dostluq qarşılıqlı hörmət tələb edir” deyə bəyan edib.
