İtaliyanın Baş naziri Ciorcia Meloni Qrenlandiya ətrafında yaranmış müzakirələrə münasibət bildirərək ABŞ-in bu əraziyə nəzarət etmək üçün hərbi addım atacağı ehtimalına inanmadığını bəyan edib. O bildirib ki, belə bir ssenari nə İtaliyanın, nə də ABŞ-in maraqlarına xidmət edər və ümumilikdə heç kimə fayda gətirməz.
Redaksiya məlumat verir ki, Meloni ABŞ-in vermək istədiyi əsas mesajın Qrenlandiya kimi strateji əhəmiyyətli bölgədə digər xarici aktorların həddindən artıq müdaxiləsinin qəbul edilməyəcəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, geosiyasət şayiə və ya dedi-qodu mövzusu deyil və məsələlər emosiyalarla deyil, rasional yanaşma ilə dəyərləndirilməlidir.
İtaliyanın Baş naziri yaranmış vəziyyət fonunda ritorik suallar səsləndirərək, ABŞ hərbi bazalarının bağlanmasının, ticarət əlaqələrinin kəsilməsinin və ya simvolik etiraz addımlarının nə dərəcədə məntiqli olacağını sorğulayıb. Meloni bu suallara konkret cavab verməyin çətin olduğunu, lakin tələsik qərarların düzgün olmadığını qeyd edib.
Rusiya ilə bağlı mövqeyinə toxunan Meloni bildirib ki, sülhün yeganə təminatı çəkindirmə siyasətidir. Onun sözlərinə görə, çəkindirmə kifayət qədər güclü olmaqla qarşı tərəfi hücum niyyətindən daşındırmaq deməkdir və məhz güc sülh yaradır, zəiflik isə əks nəticələrə səbəb olur.
