Media və məzmun istehsalı sahəsində süni intellekt texnologiyalarının istifadəsinə həsr olunan praktiki vörkşop təşkil edilib. Tədbir jurnalistlərin gündəlik iş prosesində süni intellekt alətlərindən daha səmərəli istifadə bacarıqlarının artırılmasını hədəfləyib.
Redaksiya məlumat verir ki, vörkşop çərçivəsində xəbər mətni üçün ilkin strukturun qurulması, mövzu üzrə izahların hazırlanması, müsahibə suallarının formalaşdırılması və uzun mətnlərin xülasələndirilməsi kimi mövzular ətrafında praktik yanaşmalar təqdim olunub.
Təlim zamanı qrammatik baxımdan mətnlərin yoxlanması, aydınlıq və oxunaqlılığın artırılması, redaktə mərhələsində vaxt itkisini azaltmağa kömək edən süni intellekt alətlərinin funksiyaları izah edilib. Eyni zamanda araşdırma yönümlü süni intellekt vasitələri və fakt yoxlama imkanları da müzakirə olunub.
Süni intellekt məzmun yaradıcısı Mamed Qurbanovun təqdimatında keçirilən tədbirdə video və foto üçün prompt yazılması, süni intellekt alətlərinin seçimi və tətbiq sahələri barədə real nümunələr göstərilib.
