Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında

Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında

Aytac Dəniz · Mədəniyyət ·

Bir vaxtlar Krım muzeylərində saxlanılan qiymətli eksponatlarla bağlı beynəlxalq məhkəmə prosesi davam edir.

Hazırda Amsterdamda saxlanılan kolleksiyanın taleyi maraqla izlənilir və uzun illərdir kolleksiyanın hüquqi sahibinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılır.

Mövzunun maraqlılığını nəzərə alaraq baş verən prosesləri təqdim edirik.

Hər kəsə məlumdur ki, arxeoloji tapıntılar çox vaxt dövlətlərdən, sərhədlərdən və siyasi dövrlərdən daha uzunömürlü olur, daha dərin tarixi yaddaşın maddi şahidlərinə çevrilir. İctimai diskursda “skif qızılı” adı ilə tanınan Krım kolleksiyasının dəyəri də məhz onun Şimali Qara dəniz bölgəsinin müxtəlif xalqları və sivilizasiyaları ilə bağlı mürəkkəb mədəni təbəqəni özündə əks etdirməsindədir. Lakin son onilliyin hadisələri göstərdi ki, hətta ən qədim irs belə mənşə ərazisi ətrafında kəskin siyasi və hüquqi münaqişə yarandığı zaman son dərəcə həssas vəziyyətə düşə bilər. Krım kolleksiyasının taleyi iki min ildən artıq əvvəl yaradılmış muzey artefaktlarının gözlənilmədən XXI əsrin geosiyasi proseslərinə necə cəlb olunduğunu göstərən ən səciyyəvi nümunələrdən birinə çevrildi.

2014-cü il fevralın 7-dən avqustun 31-dək Amsterdam Universitetinin Allard Pirson Arxeologiya Muzeyində nümayiş etdirilən “Krım: Qara dənizin qızılı və sirləri” sərgisi arxeoloqlar tərəfindən Krımda aşkar edilmiş, yaşı iki min ildən artıq olan təxminən 2 min nadir artefaktdan ibarət idi. Eksponatlar Krımın dörd muzeyinə - Kerç və Baxçasaray tarixi-mədəni qoruqlarına, “Tavrik Xersones” Milli Qoruğuna və Tavrida Mərkəzi Muzeyinə məxsus idi. Ekspozisiyanın 19 əşyadan ibarət kiçik bir hissəsi isə Kiyevdə yerləşən Ukrayna Tarixi Qiymətli Əşyalar Muzeyi tərəfindən təqdim edilmişdi.

Kolleksiyaya müxtəlif mədəniyyətlərə aid silah və zirehlər, bəzək əşyaları, ritual artefaktlar, məişət əşyaları və əmək alətləri daxildir. Kolleksiyanın əsasını Krımın Baxçasaray rayonunda yerləşən Ust-Alma qədim yaşayış yerində aşkar edilmiş eramızdan əvvəl III-II əsrlərə aid qiymətli bəzək əşyaları təşkil edir.

Kolleksiyanın sığorta dəyəri 2 milyon avro təşkil edirdi, lakin Niderland tərəfi onu 10 milyon avro məbləğində qiymətləndirirdi. Əşyaların bazar dəyəri bundan dəfələrlə yüksəkdir, bəzi artefaktlar isə analoqları olmadığı üçün ümumiyyətlə qiymətsiz hesab olunur.

2014-cü ilin mart hadisələrindən sonra Kiyev bu mədəni sərvətlər üzərində hüquqlarının olduğunu bəyan edərək onların müvəqqəti saxlanılması üçün Ukrayna Milli Tarix Muzeyinə verilməsini tələb etdi. Amsterdam muzeyi aparılan danışıqlar nəticəsində sözügedən kolleksiya üzərində hüququn hansı tərəfə məxsus olduğunu müəyyən edə bilmədi və Krım muzeyləri ilə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasını dayandıraraq məsələni Niderland məhkəməsinin baxışına təqdim etdi.

Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında - Şəkil 1

2014-cü ilin noyabr ayında Krımın dörd muzeyi kolleksiyanın yarımadaya qaytarılması tələbi ilə Amsterdam Dairə Məhkəməsinə birgə iddia ərizəsi təqdim etmişdi. Onların tələbini Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi də dəstəklədi. Muzeylərin mövqeyi ondan ibarət idi ki, Allard Pirson Muzeyinin ona verilmiş eksponatların geri qaytarılmasını təxirə salmaq hüququ yox idi və bununla da o, müqavilə öhdəliklərini pozmuz oldu. Bu əsasla “skif qızılı”nın Krım muzeylərinə qaytarılması, habelə dəymiş zərərin ödənilməsi tələb edilirdi.

2015-ci ilin yazında məhkəmə Kiyevin bu məhkəmə prosesinə qoşulmaq barədə vəsatətini təmin etdi, çünki sərgi eksponatlarının qaytarılması ilə bağlı mübahisənin mahiyyəti üzrə çıxarılacaq qərarın Ukrayna dövlətinin hüquqlarına toxuna biləcəyi qənaətinə gəldi. Beləliklə, Ukrayna məhkəmə araşdırmasının tamhüquqlu iştirakçısına çevrildi.

2016-cı il dekabrın 14-də Amsterdam Dairə Məhkəməsi qərar çıxardı. Qərara əsasən, eksponatlar Kiyevdəki Ukrayna Milli Tarix Muzeyinə verilməli, onların saxlanılması və daşınması ilə bağlı xərclər isə Ukrayna tərəfindən ödənilməli idi. Bununla belə, məhkəmə həmin obyektlərin mülkiyyətçisinin kim olması məsələsini həll etmədi: bu məsələ yalnız “əmlak faktiki olaraq mənşə ölkəsinə qaytarıldıqdan sonra və onu tələb edən dövlətin qanunvericiliyinə uyğun olaraq” müəyyən edilməli idi.

Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında - Şəkil 2

Krım muzeylərinin vəkilləri bu qərardan apellyasiya şikayəti verdilər və hökmün icrası dayandırıldı. Eksponatlar Allard Pirson Muzeyində qaldı.

2019-cu ilin iyul ayının 16-da Amsterdam Apellyasiya Məhkəməsi bu iş üzrə aralıq qərar qəbul etdi. Həmin qərarda birinci instansiya məhkəməsinin nəticələri tam şəkildə yenidən nəzərdən keçirildi, həmçinin mübahisə tərəflərindən bir sıra məsələlər üzrə əlavə arqumentlər və dəqiqləşdirmələr təqdim etmələri istənildi.

Amsterdam Apellyasiya Məhkəməsində dinləmələr 2021-ci il aprelin 22-də keçirildi. 2021-ci ilin oktyabr ayının 26-da isə elan edilmiş qərarda qeyd olunurdu ki, artefaktlar Ukraynanın muzey fonduna məxsusdur və Krımda vəziyyət sabitləşənədək Kiyevə verilməlidir, çünki “onların məhv edilməsi, itirilməsi və ya zədələnməsi” riski mövcuddur.

Məhkəmə həmçinin aralıq qərarda ifadə olunmuş belə bir nəticəni də təsdiqlədi ki, Allard Pirson Muzeyinin müqavilə öhdəliklərinə baxmayaraq “skif qızılı”nı müəyyən edilmiş müddətlərdə Krım muzeylərinə qaytarmaqdan imtina etməsi hüquqi prosedurlara uyğun olub. Eksponatların saxlanılması və daşınması ilə bağlı Niderland tərəfinin çəkdiyi xərclər Ukraynanın üzərinə qoyuldu.

Rusiya tərəfi də Ukrayna kimi bu qərardan Niderland Ali Məhkəməsinə kassasiya şikayəti verdi.

2023-cü il yanvarın 27-də Niderland Ali Məhkəməsi yanında Baş prokuror məsləhət xarakterli rəy verərək hakimlərə bütün kassasiya şikayətlərinin, o cümlədən Ukrayna tərəfinin şikayətinin rədd olunması tövsiyəsini irəli sürdü.

Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında - Şəkil 3

2023-cü ilin iyun ayının 9-da Niderland Ali Məhkəməsi bu iş üzrə yekun qərarını çıxardı. Hakimlər aşağı instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiqləyərək eksponatların Kiyevə verilməsi barədə qərar qəbul etdilər.

Rusiya muzeyləri kassasiya şikayətində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunan hüquqlarının, yəni mülkiyyət hüququna hörmət edilməsi hüququnun pozulduğunu, eləcə də Ukraynanın muzey qanunvericiliyində nəzərdə tutulan rejimin Mülki Məcəllənin mənasına görə “üstün hüquq norması” kimi tətbiq oluna bilməyəcəyini əsas gətirmişdilər. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etmədi.

Qərar öncədən nəzərdə tutulmuş tarixdən daha tez elan edildi, ilkin olaraq onun 2023-cü il sentyabrın 15-də açıqlanması planlaşdırılırdı. Bu isə zaman etibarilə Rusiya ilə Ukrayna arasında Donbas və Krımdakı hadisələrlə bağlı mübahisə üzrə BMT-nin Beynəlxalq Məhkəməsində 2023-cü il iyunun 6-14-də keçirilən dinləmələrlə üst-üstə düşdü. Bununla da Niderland tərəfi Rusiya-Ukrayna məhkəmə çəkişməsi ətrafında mənfi informasiya fonunun formalaşdırılmasına öz töhfəsini verməyə çalışdı.

2023-cü il noyabrın 27-də Allard Pirson Muzeyinin nümayəndəsi sərgiyə daxil olan eksponatların Ukrayna tərəfinə təhvil verildiyini və artıq Kiyevdə olduğunu bildirdi. Krım artefaktlarının daşınmağa hazırlandığı barədə məlumat nəzərdə tutulan göndərişdən bir həftə əvvəl Niderland mediasında yayılmışdı. Muzeyin direktoru Els van der Plasın sözlərinə görə, “bu, mədəni irsin geosiyasi hadisələrin qurbanına çevrildiyi xüsusi bir hal idi. 2014-cü ildə məsələyə məhkəmədə baxılacağı aydın olduqdan sonra biz obyektlərin qanuni sahibinə qaytarılacağı vaxtadək onların təhlükəsiz şəkildə saxlanılmasına diqqət yetirdik. Məsələyə aydınlıq gətirildiyinə və artefaktların geri qaytarıldığına görə şadıq”.

Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında - Şəkil 4

2023-cü ilin noyabr ayının 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin şərhi dərc olundu. Şərhdə bildirilirdi ki, Niderlandın Krımın dörd muzeyinə məxsus “Krım: Qara dənizin qızılı və sirləri” sərgisinin eksponatlarını Ukrayna hakimiyyətinə verməsi muzey mübadilələrinin formalaşmış praktikasına ziddir və ümumbəşəri mənəvi dəyərlər baxımından qəbuledilməzdir. Rusiya tərəfinin mövqeyinə görə, Haaqa bu addımları ilə Krım yarımadasının mədəni-tarixi irsinə ciddi zərbə vurub və faktiki olaraq Krımda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş, həmin vaxtdan etibarən daim Krım muzeylərində saxlanılmış nadir artefaktların ələ keçirilməsində iştirakçıya çevrilib.

Krım muzeyləri 2023-cü ilin oktyabrında kolleksiyanın Ukraynaya verilməsi ilə bağlı Niderlandın qərarından şikayət etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) iddialar təqdim etdi. Həmin işlər üzrə cavabdeh tərəflər Niderland və Ukraynadır. 2024-cü ilin iyununda bu iddialar baxılmaq üçün qəbul edildi. Rusiyanın 2022-ci ilin martında Avropa Şurasından çıxması nəzərə alınaraq, FİOV xətti ilə bu məsələ üzrə Krım muzeylərinə yardım göstərilmir.

Mədəni irs və geosiyasi hadisələr - “Skif qızılı” Krım kolleksiyası haqqında - Şəkil 5

2026-cı il martın 11-də Rusiya Federasiyasının İstintaq Komitəsi “Krım kolleksiyası”na daxil olan mədəni sərvətlərin mənimsənilməsi və geri qaytarılmaması faktı ilə bağlı Niderland Krallığının və Ukraynanın dövlət orqanlarının, habelə Amsterdam Universitetinin Allard Pirson Arxeologiya Muzeyinin vəzifəli şəxsləri barəsində cinayət işi başlatdı. Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinin “a” bəndində (xüsusi tarixi, bədii və mədəni dəyərə malik əşyaların, mənimsəmə üsulundan asılı olmayaraq, mütəşəkkil dəstə tərəfindən talanması) və 190-cı maddəsində (Rusiya Federasiyasının qanunvericiliyinə əsasən geri qaytarılması məcburi olan, ölkə hüdudlarından kənara çıxarılmış mədəni sərvətlərin müəyyən edilmiş müddətdə Rusiya Federasiyasının ərazisinə qaytarılmaması) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə başlanıb.

Krım kolleksiyasının tarixi uzun illər davam edən məhkəmə mübahisəsinin və konkret eksponatların məhz hansı muzeydə saxlanılmalı olması məsələsinin hüdudlarını xeyli aşır. Bu tarix daha fundamental bir problemə - münaqişələr, siyasi-hüquqi rejimlərin dəyişməsi və qarşıdurma şəraitində mədəni irsin taleyinə toxunur. Arxeoloji əşyalar müasir anlamda siyasi mənsubiyyətə malik deyil: onların mədəni əhəmiyyəti indiki dövlət sərhədlərinin yaranmasından çox-çox əvvəl formalaşıb, tarixi dəyəri isə ilk növbədə mənşə yeri, arxeoloji kontekst və regionun mədəni yaddaşı ilə bağlılığı əsasında müəyyən olunur.

Məhz buna görə belə hallar muzey işi prinsiplərinə və tarixi irsin bütövlüyünün qorunmasına xüsusilə həssas münasibət tələb edir. Konkret tarixi dövrün siyasi şəraiti necə olursa-olsun, mədəni sərvətlər siyasi qarşıdurma alətinə çevrilməməlidir. Bu mənada “skif qızılı” ətrafında yaranmış mübahisə artıq mühüm presedentə çevrilib və beynəlxalq mədəni-hüquqi məkanın qədim artefaktları müasir dövrün münaqişələrindən zəruri səviyyədə qorumağa qadir olub-olmadığı barədə yenidən düşünməyə vadar edir. Eyni zamanda əsas məsələ onların tarix haqqında şahidlik etmək, onun növbəti girovuna çevrilməmək kimi başlıca təyinatının qorunub saxlanılmasıdır.