2008-ci il qlobal böhranını öncədən görməsi ilə tanınan investor Maykl Barri süni intellekt sektorundakı mümkün “balon” barədə xəbərdarlıq edərək Nvidia və Palantir səhmlərinə qarşı böyük həcmdə qısamüddətli satım mövqeyi (short) tutub. Onun rəhbərlik etdiyi Scion Asset Management fondunun addımı, AI şirkətlərinin dəyərləndirilməsində həddən artıq nikbinliyin yarandığı barədə bazarlarda müzakirələri gücləndirib.
Redaksiya xəbər verir ki, fond ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənədlərdə ümumilikdə 1,1 milyard dollarlıq “put” opsionu aldığını göstərib: Nvidia üzrə təxminən 1 milyon səhm ekvivalenti üçün 187 milyon dollar, Palantir üzrə isə 5 milyon səhm ekvivalenti üçün 912 milyon dollar həcmində mövqe açılıb. Xəbərin ardından Nvidia təxminən 4%, Palantir isə 8% geri çəkilib, bazar volatilliyini ölçən VIX indeksi son iki həftənin zirvəsinə yaxınlaşıb.
Palantir-in baş direktoru Aleks Karp bu qərarı “ağlasığmaz” adlandıraraq, süni intellekt dövründə yüksək gəlirlilik nümayiş etdirən şirkətlərə qarşı qısa mövqe tutmağın risklərini vurğulayıb. Bununla belə, Palantir-in son bir ildə 360%-ə yaxın bahalaşması və F/K nisbətinin 250-yə çatması, Nvidia-da bu göstəricinin 33, Microsoft-da 29,9 olması qiymətləndirmə narahatlıqlarını artırır.
Analitiklər yaxın perspektivdə AI yönümlü texnoloji səhmlərdə təxminən 10%-lik korreksiya riskindən danışırlar. Berri isə mövqeyini belə əsaslandırıb: bəzən “şarı” görmək, bəzən isə ona qarşı oynamaq gərəkdir; lakin ən yaxşı seçim bəzən ümumiyyətlə oynamamaqdır.
