"AYNA istəsə, kompensasiya üçün pul tapa bilər" - 15 avqustla bağlı AÇIQLAMA

"AYNA istəsə, kompensasiya üçün pul tapa bilər" - 15 avqustla bağlı AÇIQLAMA

Aytac Dəniz · İqtisadiyyat ·

Sabahdan Bakı metrosunun “28 May”–“Nizami” stansiyaları arasında hərəkət təxminən 1 il müddətinə dayandırılır. Uzun illərdir həllini gözləyən problem – Qırmızı və Yaşıl xətlərin “28 May”da kəsişməsi və bunun metronun çevik fəaliyyətinə yaratdığı maneə aradan qaldırılır.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, bu mürəkkəb və riskli işin nəhayət həyata keçirilməsi müsbət addımdır:

"Metropoliten rəhbərliyinin uzun illər təxirə salınmış layihəni üzərinə götürməsi təqdir edilməlidir. Amma yerin altında görülən iş yerin üstündə ciddi problemlər yaradacağı da öncədən bəllidir. On minlərlə sərnişin mənzil başına çatmaq üçün nəqliyyatını dəyişərək yerüstü nəqliyyata yönələcək. Avtobusların, dayanacaqların, küçələrin və piyada səkilərinin bu əlavə yükü necə qarşılayacağı ciddi sualdır.
Sərnişinlərin nəqliyyatı dəyişdirilməsi də ona əlavə xərc və vaxt itkisi yaradacaq. Bir müddət əvvəl RİNN, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Metropoliten rəhbərliyinin iştirakı ilə keçirilən ictimai dinləmədə hiss olunurdu ki, hökumət də qarşıdakı çətinliklərin fərqindədir. Problemlərin minimuma endirilməsi üçün görüləcək tədbirlər barədə məlumat verildi. Hələlik əsas həll şəhərin müxtəlif nöqtələrindən 6 ekspress avtobus marşrutunun açılması, əlavə avtobusların ayrılması və onların daha çevik hərəkəti üçün tədbirlərin görülməsidir".

O.Gündüz proseslə bağlı bir sıra sualların da açıq qaldığını deyib:

"Ekspress marşrutlar, küçələr, dayanacaqlar və piyada infrastrukturu bu sərnişin yükünü götürə biləcəkmi? Marşrutunu dəyişməyə məcbur olan insanların əlavə xərclərini kim qarşılayacaq? Müşahidələrim onu deməyə əsas verir ki, yerin altında baş verəcəklərlə bağlı simulyasiyalar kifayət qədər aparılıb. Yerin üstündə baş verəcəklərin – sərnişin axınının, tıxacların və nəqliyyatın yüklənməsinin simulyasiyası barədə isə yetərli məlumat təqdim edilməyib. Digər mühüm məsələ xərclərdir. Dövlətin həyata keçirdiyi zəruri layihəyə görə yüz minlərlə sərnişinin, xüsusilə tələbələrin gündəlik nəqliyyat xərci artacaq. Bu isə, ailə büdcəsi üçün əlavə yükdür. Düşünürəm ki, bu yükün heç olmasa bir hissəsinin kompensasiya edilməsi doğru olardı. Yaxud tikinti müddətində metro və avtobus üçün vahid bilet, pulsuz və ya güzəştli transfer tətbiq edilə bilər. Sərnişin özündən asılı olmayan məcburi keçidə görə ikinci dəfə tam ödəniş etməməlidir. Əsas sınaq isə 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq. Buna görə iş və dərs qrafiklərində mümkün çeviklik və gecikmələrlə bağlı yanaşmalar indidən müəyyənləşdirilməlidir".

"Metronun çevikliyinin artırılması, uzun illərin probleminin həllinə başlanılması, ictimai dinləmənin keçirilməsi və ekspress marşrutların təşkili təqdirəlayiqdir. Amma zəruri dövlət layihəsinin yaratdığı əlavə maliyyə və vaxt yükünün tamamilə vətəndaşın, xüsusilə tələbələrin üzərinə qoyulması doğru olmazdı. AYNA-nın elan etdiyi 14 milyonluq tender, elə müşahidələrim də onu deməyə əsas verir ki, istəsələr, kompensasiya üçün pul tapa bilərlər. Bu qurumun aylıq gəlirləri yetərincədir", - deyə O.Gündüz əlavə edib. (plat.az)