Fransa Prezidenti Emmanuel Makron Paris və digər şəhərlərdə baş verən zorakılıq hadisələrini sərt şəkildə pisləyib.
Redaksiya xəbər verir ki, Makron ötən gecə qəbuledilməz zorakılıq aktlarının qeydə alındığını bildirib.
“Təəssüf ki, ötən gecə Parisdə və digər şəhərlərdə qəbuledilməz zorakılıq aktlarının şahidi olduq. Bu futbol deyil. Bu idman deyil. Bu bizim sevdiyimiz şey deyil”, — deyə Fransa prezidenti bildirib.
Makron hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı güzəşt edilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Fransa hakimiyyəti belə mənzərələrin təkrar yaşanmasına imkan verməyəcək.
“Biz bunu bir daha görmək istəmirik. Yetər artıq. Bu burada bitir”, — deyə Makron qeyd edib.
Açıqlama PSJ-nin Çempionlar Liqasında qələbəsindən sonra Parisdə və digər şəhərlərdə bayram tədbirlərinin nəzarətdən çıxması, yanğınlar və polis müdaxiləsi fonunda səslənib.
