İspaniyanın Şimali Afrikadakı Seuta anklavına Mərakeş ərazisindən kütləvi miqrant axını davam edir. Yerli mətbuatın ilkin hesablamalarına görə, sərhədi keçənlərin sayı təxminən 20 min nəfərə çata bilər. “Mundo” qəzeti vəziyyəti 2021-ci ildən bəri ən böyük miqrasiya böhranı kimi qiymətləndirib.
Redaksiya istinadla xəbər verir ki, miqrantlar arasında azyaşlı uşaqları olan ailələr də yer alıb. Onların bir hissəsi Taraxal sərhəd dalğaqıranını dənizdən keçərək İspaniya ərazisinə daxil olub, Mülki Qvardiyanın əməkdaşları isə kütləvi axının qarşısını almaqda çətinlik çəkiblər.
Nəşrin iddiasına görə, keçidlər zamanı Mərakeşin təhlükəsizlik qüvvələri tərəfindən ciddi müqavimət göstərilməyib. Bununla yanaşı, İspaniya hökuməti Rabatla sıx əməkdaşlıq etdiyini və sərhəddə nəzarətin gücləndirilməsi üçün birgə tədbirlərin görüldüyünü açıqlayıb.
İspaniya Daxili İşlər Nazirliyi ölkəyə qanunsuz daxil olmuş şəxslərin geri qaytarılması prosedurlarının başlanacağını bildirib. Polis, Mülki Qvardiya və hərbi bölmələr miqrant axınının məhdudlaşdırılması, sərhədin qorunması və şəhərdə təhlükəsizliyin təmin edilməsi üçün səfərbər olunub.
Seuta rəhbəri Xuan Xesus Vivas mərkəzi hökumətdən milli fövqəladə vəziyyət elan edilməsini və vahid idarəetmə mərkəzinin yaradılmasını tələb edib. Madrid isə mövcud böhranın fövqəladə vəziyyət rejiminin tətbiqi üçün hüquqi əsas yaratmadığını bildirərək müraciəti qəbul etməyib. Təxminən 20 min nəfərlə bağlı rəqəm hələ İspaniyanın rəsmi qurumları tərəfindən yekun şəkildə təsdiqlənməyib.
