LG TV bazarından çəkilir

LG TV bazarından çəkilir

Fərid Əlizadə · Media ·

LG Electronics-in 60 ilə yaxın fəaliyyət göstərdiyi televizor biznesini Çin şirkəti Hisense-ə sata biləcəyi iddia olunub.

Redaksiya xəbər verir ki, iddia Cənubi Koreya mediasında yayılan məlumatlardan sonra gündəmə gəlib.

Məlumata görə, LG rəhbərlərinin Pekində Hisense nümayəndələri ilə görüşdüyü və TV bölməsinin gələcəyi, restrukturizasiya və mümkün satış variantlarının müzakirə olunduğu bildirilmişdi.

Lakin LG bu xəbərləri təkzib edib. Şirkət TV biznesini satmaq və ya bazardan çıxmaq planlarının olmadığını bildirib.

Buna baxmayaraq, iddialar qlobal televizor bazarında ciddi dəyişikliklərin getdiyini göstərir. Son illərdə TCL və Hisense kimi Çin istehsalçıları həm qiymət, həm də istehsal həcmi baxımından Samsung, LG və Sony kimi ənənəvi brendlərə güclü təzyiq göstərir.

Daha əvvəl Sony-nin də TV istehsal xəttini TCL ilə bağlı yeni modelə keçirməsi bazarda konsolidasiya və istehsal gücünün Çinə doğru dəyişməsi barədə müzakirələri artırmışdı.

Ekspertlər hesab edirlər ki, LG hələlik OLED seqmentində güclü mövqeyini qoruyur. Amma ucuz Çin panelləri, aşağı marjalar və rəqabətin sərtləşməsi ən böyük brendləri belə TV biznesinin gələcəyi barədə yenidən düşünməyə məcbur edir.