Danimarkada milyonlarla insanın şəxsi məlumatları ələ keçirilib

Danimarkada milyonlarla insanın şəxsi məlumatları ələ keçirilib

Fərid Əlizadə · Media ·

Danimarkanın Mərkəzi Şəxslər Reyestrində ciddi kibertəhlükəsizlik insidenti baş verib. Naməlum şəxslər təxminən 8,8 milyon qeydiyyatlı şəxsin ad, ünvan, CPR identifikasiya nömrəsi və digər məlumatlarına çıxış əldə ediblər. Bu barədə Danimarkanın Elm, Təhsil və Rəqəmsallaşma Nazirliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, hücum birbaşa reyestrin əsas sisteminin sındırılması yolu ilə deyil, özəl Danimarka şirkətlərindən birinin CPR bazasında axtarış aparmaq üçün malik olduğu qanuni giriş imkanlarının sui-istifadəsi nəticəsində həyata keçirilib.

Rəsmi məlumata görə, təsirlənən 8,8 milyon qeydiyyata hazırda Danimarkada yaşayan şəxslərlə yanaşı, ölkədən köçmüş və vəfat etmiş insanların məlumatları da daxildir. CPR sistemində ümumilikdə təxminən 11 milyon qeyd mövcuddur.

Ad və ünvan məlumatlarını xüsusi qoruma rejiminə keçirmiş şəxslərin həmin məlumatlarının sızmadığı bildirilib. Bununla belə, hakimiyyət böyük həcmdə şəxsi identifikasiya məlumatlarının ələ keçirilməsini ciddi təhlükəsizlik hadisəsi kimi qiymətləndirir.

CPR administrasiyası şübhəli fəaliyyəti oktyabrın 2-də aşkarlayıb və sözügedən şirkətin sistemə girişini dayandırıb. Hadisə Danimarkanın Məlumatların Mühafizəsi Agentliyinə bildirilib, polis və digər aidiyyəti qurumlar araşdırmaya başlayıblar.

Danimarka hakimiyyəti vətəndaşlara şəxsi məlumatlardan istifadə edilərək həyata keçirilə biləcək fişinq, saxta müraciətlər və şəxsiyyət oğurluğu cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edib.