Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın Avropaya qarşı hər hansı hücum planı yoxdur və belə bir addımda maraqlı deyil. Onun sözlərinə görə, Rusiya yalnız zərurət yarandığı halda cavab tədbirləri görəcək və bu cavab məhdud xarakter daşımayacaq.
Redaksiya NTV-yə istinadla xəbər verir ki, Lavrov “Həftəlik yekunlar” proqramına müsahibəsində qeyd edib: “Biz Avropanın heç bir hissəsinə hücum etməyi planlaşdırmırıq, buna ümumiyyətlə marağımız yoxdur. Lakin Avropa qəfil Rusiyaya hücum etməyə başlasa, prezidentin də dediyi kimi, bu, bizim tərəfdən xüsusi hərbi əməliyyat olmayacaq, mövcud olan bütün hərbi vasitələrlə tammiqyaslı hərbi cavab olacaq”.
Nazir vurğulayıb ki, Rusiyanın mövqeyi müdafiə xarakterlidir və ölkənin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidə adekvat reaksiya verilməsi prinsipinə əsaslanır. Onun fikrincə, Rusiya Avropada gərginliyin artmasında maraqlı deyil və qarşıdurmadan yayınmağa çalışır.
Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko isə “İzvestiya” nəşrinə açıqlamasında bildirib ki, Avropa hələ də Moskvanın Avropaya hücum etməməyə dair hüquqi təminatlar verən sənəd imzalamaq təklifinə cavab verməyib. Qruşkonun fikrincə, Avropanın bu mövqeyi sülh prosesində əhəmiyyətli iştirak imkanlarını faktiki olaraq istisna edir.
