Kuba hökuməti Venesuelada ABŞ tərəfindən həyata keçirilən reyd zamanı 32 Kuba vətəndaşının həlak olduğunu rəsmi şəkildə təsdiqləyib. Ölənlər arasında hərbi və kəşfiyyat strukturlarının əməkdaşlarının da olduğu bildirilib.
Redaksiya xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel həlak olan şəxsləri Venesuela Prezidenti Nikolas Maduronu qoruyarkən döyüşdə həyatını itirmiş “qəhrəmanlar” adlandırıb.
Prezidentin açıqlamasında qeyd olunub ki, ölənlərin xatirəsinin anılması məqsədilə ölkədə iki günlük milli matəm elan edilib. Dövlət bayraqları endiriləcək və rəsmi tədbirlər təxirə salınacaq.
Rəsmi Havana hadisəyə görə ABŞ-nin məsuliyyət daşıdığını vurğulayıb və regionda gərginliyin daha da artmasından narahatlığını ifadə edib. Kuba tərəfi beynəlxalq ictimaiyyəti baş verənlərə hüquqi və siyasi qiymət verməyə çağırıb.
