Kriptovalyuta bazarında son günlərdə görünməmiş miqyasda dəyər itkisi qeydə alınıb. Cəmi 4 gün ərzində demək olar ki, bütün əsas kriptoaktivlər kəskin ucuzlaşıb və bazar iştirakçıları bu prosesi tarixi çöküş kimi qiymətləndirirlər.
Redaksiya xəbər verir ki, son 3 gün ərzində kriptovalyuta bazarı hər saniyə orta hesabla 1.5 milyon dollar itirib. Bu müddət ərzində ümumi itkilərin həcmi 330 milyard dolları ötüb və proses hələ də davam edir.
Məlumatlara görə, Bitcoin 65000 səviyyəsinə qədər geriləyib və bu qiymət sonuncu dəfə təxminən 1.5 il əvvəl müşahidə olunmuşdu. “Kripto-gümüş” kimi tanınan Ethereum isə 2000 dollar həddindən aşağı düşüb və son 4 ay ərzində dəyərinin 60%-ni itirib.
Altcoin bazarında vəziyyət daha dramatikdir. Kiçik kriptovalyutalar son 1 il ərzində 70%-dən 90%-ə qədər dəyər itirib və bəzi layihələrin faktiki olaraq bazardan silindiyi bildirilir. “Əfsanəvi Homyak” adlı tokenin isə 99% dəyər itkisi ilə özünü likvidasiya etdiyi qeyd olunur.
Qeyd edilir ki, 3 gün əvvəl ABŞ prezidenti Donald Tramp özünü kriptovalyutanın xilaskarı və dünyanın əsas “kriptoguy”u adlandırmışdı. Həmin açıqlamadan sonra bazarın ümumi dəyəri 330 milyard dollar azalıb və bu bəyanat kriptoinvestorlar arasında geniş müzakirələrə səbəb olub.
Analitiklər mövcud vəziyyəti bazarda etimad böhranı, makroiqtisadi qeyri-müəyyənlik və tənzimləmə riskləri ilə əlaqələndirir və yaxın müddətdə yüksək volatilliyin davam edəcəyini istisna etmirlər.
