Kod yazmağı "öyrənməyi" dayandırın

Kod yazmağı "öyrənməyi" dayandırın

Fərid Əlizadə · Media ·

Süni intellekt mütəxəssisi Endryu Nq “Sİ dövründə kod yazmağı öyrənməyə ehtiyac yoxdur” fikrini sərt tənqid edib.

Redaksiya xəbər verir ki, Nq bu yanaşmanı “indiyə qədər verilmiş ən pis karyera məsləhətlərindən biri” adlandırıb.

Onun sözlərinə görə, texnologiya bir işi asanlaşdıranda həmin bacarığa tələbat azalmaq əvəzinə çox vaxt artır.

Nq bunu proqramlaşdırmanın tarixi ilə izah edib. Onun fikrincə, perfokartlardan klaviaturalara keçid, assemblerdən yüksək səviyyəli dillərə keçid və daha rahat proqramlaşdırma alətlərinin yaranması proqramçıların sayını azaltmadı, əksinə proqram təminatı bazarını böyütdü.

Ekspert bildirir ki, Sİ proqramlaşdırmanı dəyişir, lakin onu tamamilə yox etmir. Ən çox risk altında olanlar kod yazmağı öyrənənlər deyil, yeni alətlərə uyğunlaşmayan proqramçılardır.

Nq hesab edir ki, sistem arxitekturasını yaxşı bilən və eyni zamanda Sİ alətlərindən peşəkar istifadə edən senior mühəndislərin dəyəri daha da artır.

Bununla belə, bazarda junior proqramçılar üçün vəziyyət çətinləşib. 2022-ci ildən bəri junior developer vakansiyalarının təxminən 40 faiz azaldığı, yeni məzunlar arasında işsizliyin isə ölkə üzrə orta göstəricidən yüksək olduğu bildirilir.

Ekspertlərin fikrincə, yeni dövrdə sadəcə sintaksis bilmək kifayət deyil. Proqramçılar sistem düşüncəsi, məhsul anlayışı, təhlükəsizlik, arxitektura və Sİ ilə işləmə bacarıqlarını birlikdə inkişaf etdirməlidirlər.