Kanadanın Baş naziri Mark Karni ölkəsinin Avropa İttifaqı ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmaq və uzunmüddətli strateji alyans formalaşdırmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, dünyada Kanada ilə daha çox əməkdaşlıq etmək istəyən tərəflər var və Aİ ilə yaradılacaq “gələcək üçün alyans” hər iki tərəfin mövqelərini gücləndirə bilər. Bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Karni Kanada və Avropa İttifaqının daha müstəqil və dayanıqlı iqtisadi-siyasi sistem qurmaq üçün birlikdə işləyə biləcəyini bildirib. O, belə bir alyansın yalnız iki tərəfi gücləndirməyəcəyini, eyni zamanda digər demokratik ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
Karni əməkdaşlığın kritik minerallar, müdafiə sənayesi, süni intellekt, hesablama infrastrukturu, enerji təhlükəsizliyi, kosmos, rəqəmsal ticarət və maliyyə xidmətləri kimi sahələri əhatə etməsini təklif edib. Kanada tərəfi, həmçinin Avropaya mayeləşdirilmiş təbii qaz və hidrogen tədarükünü artırmağa hazır olduğunu bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen daha əvvəl Kanadanın Aİ-nin ilk assosiativ üzvünə çevrilməsi imkanını gündəmə gətirmişdi. Karni bu təşəbbüsü müsbət qarşıladığını və tərəflərin yeni əməkdaşlıq modelinin konkret çərçivəsini birlikdə müəyyənləşdirəcəyini bildirib.
