ABŞ-da benzin qiymətləri İranla bağlı hərbi-siyasi gərginlik fonunda yenidən artıb. Ölkə üzrə orta qiymət rekord səviyyədə olmasa da, bəzi ştatlarda bir qallon benzinin qiyməti 6 dolları keçib.
Redaksiya AAA və Investopedia-ya istinadla xəbər verir ki, ABŞ üzrə adi benzinin orta qiyməti bir qallon üçün 4,45 dollar səviyyəsinə yüksəlib. Kaliforniyada isə orta qiymət 6,11 dollara çatıb və ölkədə ən bahalı yanacaq məhz bu ştatda qeydə alınıb.
Məlumata görə, Kaliforniyanın bəzi bölgələrində qiymətlər 7 dollara yaxınlaşıb. Yanacağın bahalaşmasına neft qiymətlərində artım, Hörmüz boğazı ətrafında risklər və qlobal enerji daşımaları ilə bağlı narahatlıqlar təsir göstərir.
Ekspertlər bildirirlər ki, ABŞ-da benzin qiymətlərinin 4 dollardan yuxarı qalması istehlak xərclərini artırır və inflyasiya təzyiqini gücləndirir. Kaliforniya, Havay və Vaşinqton kimi ştatlarda yüksək vergi, ekoloji tələblər və logistika xərcləri qiymətlərin daha sürətlə artmasına səbəb olur.
